TƏHSİL

Vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün müsabiqə yekunlaşıb

Test imtahanından uğurla keçmiş 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələ olan müsahibəyə buraxılıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün keçirilmiş müsabiqə başa çatıb.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, test imtahanından uğurla keçmiş 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələ olan müsahibəyə buraxılıb. 2022-ci il dekabrın 5-dən etibarən dövlət vergi orqanlarında işə qəbulla bağlı müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibələr mərhələli şəkildə keçirilib və namizədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada öncədən məlumat verilib. 90 namizəd müsahibə mərhələsini uğurla başa vurub. Bununla da müsabiqə tam başa çatıb və nəticələr artıq Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyat bazasına daxil edilərək mütəmadi olaraq yaranacaq vakant vəzifələrə təyin olunacaqlar. Namizədlərin dövlət vergi orqanlarının kadr ehtiyat bazasında saxlanılma müddəti 2 ildir.
Müsabiqənin nəticələri ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/post/2336