BAKI, 9 fevral — Sputnik. Rusiya və Azərbaycan arasında Müttəfiqliq Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması iki ölkəni daha da yaxınlaşdırıb. Bunu Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov bildirib.
"Hesab edirəm ki, bu bəyannamənin əsas nəticəsi ölkələrimizin daha çox yaxın olması, ölkələrimiz arasında daha çox qarşılıqlı əlaqə və bir-birinin mövqelərinin daha yaxşı başa düşülməsi olub", - Boçarnikov deyib.
Onun sözlərinə görə, bu, iki ölkə prezidentləri arasında dostluq əlaqələrinə və Rusiya Federasiyası ilə Azərbaycan arasında beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin genişlənməsinə səbəb olub.
"Bizim əsas beynəlxalq problemlərə eyni yanaşmamız bu bəyannamədə qeyd olunub", - səfir vurğulayıb.
O xatırladıb ki, Azərbaycan BMT Baş Assambleyasında Rusiya Federasiyası tərəfindən irəli sürülən nasizmin tərənnümünə qarşı mübarizə və təhlükəsizlik məsələlərində informasiya-kommunikasiya texnologiyalarından istifadə haqqında qətnamələrə səs verməklə yanaşı, həm də onların həmmüəllifi olub.
Xatırladaq ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiq Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb və ikitərəfli əməkdaşlığın ən mühüm sahələrini əhatə edən 40 bəndi özündə əks etdirir.