BAKI, 9 fevral — Sputnik. Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməkdən imtina etmir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya Seqodnya" BİA-nın təşkilatçılığı ilə Diplomatik İşçi Gününə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ öyrənilir.
"Biz bu təklifdən imtina etmirik və mövcud razılaşmalar çərçivəsində sabitləşməyə doğru aparacaq hərəkət üçün platformalar və formatın təmin edilməsi baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - deyə Ryabkov bildirib.
Qeyd edək ki, ötən ilin dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarda Moskvada növbəti üçtərəfli görüşü təşkil etməyə və keçirməyə hazır olduğunu təsdiqləyib.