BAKI, 9 fevral — Sputnik. Ötən gün Azərbaycan mediasında məlumat yayıldı ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun iştirak edəcəyi bildirilir. Bu barədə diplomatik mənbələrdən məlumat verildiyi xüsusilə qeyd olunur.
Sputnik Azərbaycan mümkün təxribat ehtimalı ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
İran Ermənistanla birləşib açıq şəkildə Azərbaycana qarşı təxribata getməz
Millət vəkili bildirib ki, Ermənistan indiki şərtlər daxilində heç bir halda Azərbaycana hücum təşkil edə bilməz:
"Əgər bu baş verərsə də, Ermənistan bunun hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilir. Azərbaycan 44 günlük müharibədən sonra dəfələrlə erməni təxribatı ilə üz-üzə qalıb və Ermənistana yaxşı məlumdur ki, bunun nəticəsi nə olur. Biz İranın Ermənistanı öz qanadları altına alaraq, onun təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini bilirik. Amma İranın Ermənistanla birləşib açıq şəkildə Azərbaycana qarşı təxribata gedəcəyini düşünmürəm. Azərbaycanın kifayət qədər güclü ölkə olduğunu İranda yaxşı bilirlər. Azərbaycanın beynəlxalq müstəvidə ciddi nüfuzu, müttəfiqləri və tərəfdaşları var. Bundan irəli gələrək Azərbaycana beynəlxalq dəstək də mövcuddur".
E.Mirbəşiroğlu Azərbaycan-Türkiyə müttəfiqliyini yada salaraq bunları deyib: "Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, Azərbaycana qarşı çıxmaq istəyən qüvvələr Azərbaycan-Türkiyə birliyini nəzərə almalıdırlar. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi çox təsirli amildir. Düşünürəm ki, bu amil Azərbaycana qarşı addımlar atmaq istəyən qüvvələrin nəzərindən qaçmayıb".
Millət vəkili vurğulayıb ki, Azərbaycan heç vaxt İrana qarşı addımlar atmayıb: "Azərbaycan cəmiyyəti İranın ölkəmizə qarşı qeyri-adekvat davranışlarına münasibətini ortaya qoyub. İranın davranışları Azərbaycan cəmiyyətinin sərt reaksiyasına səbəb olub. İranın təxribatlarına, qeyri-adekvat davranışlarına baxmayaraq Azərbaycan regionda başlatmış olduğu sülh və sabitlik prosesini davam etdirəcək".
Təxribat törədib regionda gərginliyi artırmaq istəyirlər
E.Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycana qarşı təxribat törətmək istəyənlər Cənubi Qafqazda gərginliyin artmasında maraqlı olan dairələrdir:
"Hazırda dünyada ümumi mənada vəziyyət gərgindir. Kimlərsə bu gərginlikdən istifadə edib bu regionda da təxribatlar törətmək niyyətinə düşə bilər. Bu mənada Ermənistanı xüsusi qeyd etmək lazımdır. İranla bağlı isə onu deyə bilərik ki, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. İrana da bəllidir ki, Azərbaycan öz ərazisində bu ölkəyə qarşı başqa bir ölkənin baza yaratmasına imkan verməz. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan hərbi sahədə geniş imkanlara malik ölkələrlə hərb-texniki əməkdaşlığını genişləndirir. Bu baxımdan İsraillə mövcud olan hərbi əməkdaşlığımız da bizim suveren hüququmuzdur. Bu məsələyə kiminsə müdaxilə etməsinə imkan vermirik".
Politoloq Elşən Manafovun sözü gedən hərbi təxribat iddialarına mövqeyi isə bir qədər fərqli oldu.
Münasibətlərin gərginləşməsi nə İrana lazımdır, nə də ki Azərbaycana
E.Manafov hesab edir ki, bu iddialarla bağlı ilk növbədə rəsmi Bakının mövqeyi açıqlanmalıdır:
"Səfirliyimizə edilmiş hücumdan sonra Azərbaycan-İran münasibətlərində gərginlik artmamalıdır. Hal-hazırda Azərbaycan-İran münasibətlərinə xələl gətirmək istəyən, bölgədəki mövcud sabitliyə zərbə endirmək istəyən, regionda maraqları olan bəzi bəlli dairələr və qlobal maliyyə mərkəzləri var. Ümumiyyətlə biz özümüzə sual verməliyik ki, Azərbaycan səfirliyinə hücum İrana nə verdi? Azərbaycan-İran münasibətlərinin gərginləşməsi kimin maraqlarına xidmət edir? Mənə görə bu, nə İran dövlətinə, nə də Azərbaycana lazım deyil. İran "3+3" formatında regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib.
Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycan, Türkiyə, Rusiya, İran və bəzi hallarda Gürcüstanın mövqeyi üst-üstə düşür. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılacağı təqdirdə Ermənistan-İran sərhədlərinin dəyişməsinə öz dövlət maraqları çərçivəsində yanaşacağını bəyan edib. Regionda əməkdaşlığın genişləndirilməsində və inkişafında maraqlı olan region ölkələri bir-birlərinin qarşılıqlı maraqlarını nəzərə almalıdırlar".
Politoloq bu proseslərə Ukrayna-Rusiya münaqişəsi fonunda baxmağın əhəmiyyətini də qeyd edib:
"Biz buna Ukrayna-Rusiya münaqişəsi fonunda baxa bilərik. Bu münaqişənin başlamasına nəzər saldıqda görürük ki, Ukrayna öz təhlükəsizliyini təmin etmək niyyətini Rusiyaya təhdid yaratmaqla reallaşdırmağa çalışdı. Nəticəsi isə məlumdur. Ona görə də bu məsələdə ehtiyatlı olmaq lazımdır. Mən əminəm ki, bu cür məlumatları yayan saytlar qərbyönlüdür, Qərbdə ayrı-ayrı xüsusi xidmət orqanları ilə və ya bəlli dairələrlə əməkdaşlıq edən siyasi qüvvələrin konyektur maraqlarına işləyirlər. Onlar bilərəkdən məlumatları belə şişirdirlər. Mən hazırda Azərbaycan və İran tərəfindən münasibətlərin gərginləşməsi istiqamətində hər hansı addımların atıldığını görmürəm".
E.Manafov vurğulayıb ki, İran tərəfi prezident səviyyəsində Azərbaycandan üzrxahlıq edib:
"Bundan sonra Azərbaycan və İran münasibətlərinin inkişafı istiqamətində addımların atılacağına əminəm. Mən əminəm ki, Azərbaycan ABŞ-ın təhdid və təzyiqləri altında Rusiyaya qarşı sanksiyalara qoşulmadığı kimi, İrana qarşı sanksiyalara da qoşulmayacaq. O cümlədən, İranın Ermənistanla əməkdaşlığı Qərbin bölgəyə gəlməsinin əleyhinə yönəlib. Bu məsələdə də diqqətli olmaq lazımdır. İran nəyə görə Qərbin adamı olan Paşinyanla yaxınlaşır? Ona görə yaxınlaşır ki, özünə qarşı sanksiya tətbiq edən Qərb və ABŞ sanksiyalar siyasətini daha yaxşı sərgiləsinlər? Bu baxımdan məsələyə daha dərindən nəzər salmaq lazımdır. Bölgədə suyu bulandırıb, balıq tutmaq istəyənlərin maraqları da bizə məlumdur".