TƏHLİL

Ermənistanın qaranlıq gələcəkdən qurtuluşu bundan asılıdır - Millət vəkili açıqladı

Millət vəkilinin sözlərinə görə, kommunikasiyalar açılsa, tənəzzülə uğramış Ermənistan vətəndaşlarının rifahı üçün nələrsə edə bilər.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentinin hökumət saatında çıxışı zamanı deyib ki, Ermənistan nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasında maraqlıdır və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yazılanları həyata keçirməyə hazırdır.
Əslində bu cür fikirlər Ermənistan Baş naziri tərəfindən dəfələrlə səsləndirilsə də, ortada hər hansı əməli fəaliyyətin olduğu görünmür. Ümumiyyətlə Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesində fasilənin yarandığı bir vaxtda Paşinyanın belə bir fikir səsləndirməsi maraq doğuran məqamdır. Ermənistandan isə xoşniyyətli görünən açıqlamalar bununla kifayətlənmir. Ermənistan parlamentinin vitse-spikeri Arşak deyib ki, Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkilməlidir.
Hazırkı situasiyada bu cür açıqlama Ermənistan cəmiyyəti üçün xəyanət kimi qiymətləndirilə bilər. Ancaq vitse-spikerin belə bir fikri sözgəlişi deməyəcəyi də hər kəsə bəllidir.
Bəs bu açıqlamaların arxasında nə dayanır?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.
Arzu Nağıyev bildirib ki, Paşinyan Ermənistanın üçün mövcud vəziyyətin ağır olduğunu bilir: "Ermənistan Baş naziri anlayır ki, kommunikasiyaların açılmaması onun ölkəsini həmişə xarici güclərin diktəsi altında yaşamağa vadar edəcək. Ermənistanda anlayırlar ki, bu diktə altında öz müstəqil siyasətlərini apara bilməyəcəklər. Bu gün Ermənistana Qərbdən nə qədər yol göstərsələr də, anlayırlar ki, regional ölkələri ilə kommunikasiya qurmadan inkişaf etmək qeyri-mümkündür".
Millət vəkilinin sözlərinə görə, kommunikasiyalar açılsa, tənəzzülə uğramış Ermənistan vətəndaşlarının rifahı üçün nələrsə edə bilər: "Ümumiyyətlə Ermənistanda daxili auditoriya buna hazırlanmalıdır. Məlumdur ki, bölgəyə əlavə müşahidəçilərini cəlb edən Qərbi, xüsusən də Fransanı sıravi Ermənistan vətəndaşının yaşayış şəraiti maraqlandırmır. Buna görə də Azərbaycanla kommunikasiyaların açılması bölgədə sülh prosesinin inkişafına və sabitlik mühitinin qalıcı olmasına müsbət təsir edə bilər. Bu nə qədər tez baş versə, Ermənistanda stabillik mühiti bir o qədər tez yarana bilər".
"Paşinyan Ermənistanın mövcud şəraitdə qaranlıq gələcəyini görür. Düzdür hazırkı status-kvonu saxlamaq onlara sərf edir. Onlar bu açıqlamanı fərqli istiqamətə yönləndirməyə çalışacaqlar. Lakin regionun inkişafı üçün qonşuluq siyasətinin ən yüksək səviyyədə qurulması vacibdir. Ermənistan hakimiyyəti bunu dərk etdiyi kimi əməli fəaliyyətə də keçsə, bu öz müsbət nəticələrini verməyə başlayacaq. Ermənistan tərəfindən bu cür bəyanatlar vaxtaşırı səsləndirilir.
Sonradan isə daxili siyasi basqılardan ehtiyatlanan Ermənistan hakimiyyəti açıqlamalarını fərqli cür təqdim etməyə məcbur olur. Azərbaycan üçtərəfli bəyanatlardan irəli gələn müddəaların icrasını tələb edir. O müddəaları icra etmək həm də Ermənistanın öz imzasına hörməti anlamına gələcək. Danışıqlar masasında verilən razılıqları sonradan pozmaq üçün əl atılan təxribatlar, xarici dairələr vasitəsilə özünə dayaq yaradıb Azərbaycana təzyiq etmək siyasəti Ermənistanın özü üçün mənfi nəticələr doğurur", - Arzu Nağıyev qeyd edib.