AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bu gün bir qrup azərbaycanlı Qaziantepdən təxliyə olunacaq

Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Bu gün bir qrup azərbaycanlı Türkiyənin Qaziantep şəhərindən Vətənə təxliyə olunacaq.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.