BAKI, 8 fevral — Sputnik. "Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir". Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində 49133 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə (təqribən 903 AZN) veriləcək.
O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb.
Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. Əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.