CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yardım kampaniyasında ikinci əl əşyalar qəbul edilmir! - Rəsmi açıqlama

Yardım təşkilatçıları da yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Türkiyədə baş vermiş şiddətli zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan əşyaların geri qaytarılması barədə məlumatlar yayılıb. Yalnız Azərbaycanda deyil, Türkiyənin özündə də ikinci əl əşyaları toplayan insanların apardıqları yardımların geri qaytarıldığı bildirilib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən "İkinci əl paltarları gətirməyin" açıqlaması isə sosial şəbəkə istifadəçilərində çoxsaylı suallar yaradıb.
Sputnik Azərbaycan xəbər verir ki, AFAD və Qızıl Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi vətəndaşlara yardım kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir.
Məlumat üçün bildirək ki, fevralın 14-dək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.