BAKI, 8 fevral — Sputnik. Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməkdədir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, Türkiyədəki Səfirliyimizdə və Baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.
Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.
7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Bu günə qədər 1 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir. Zəlzələ nəticəsində 49133 nəfər xəsarət alıb, 6444 bina dağılıb. Zəlzələdən zərər çəkən ailələrə 10 min lirə (təqribən 903 AZN) veriləcək.
O, zəlzələnin təsir etdiyi regionlarda yenidənqurma işlərinin aparılacağını da diqqətə çatdırıb.
Türkiyə Prezidenti qeyd edib ki, dövlət qurumları iş başındadır. O, ilk günlər bəzi çətinliklərin yaşandığını vurğulayıb. Əlavə edib ki, hazırda vəziyyətə nəzarət edirlər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.