BAKI, 8 fevral — Sputnik. Türkiyənin cənub-şərqindəki İskəndərun limanında baş verən yanğın nəzarət altına alınıb. Bu barədə İstanbul meri Əkrəm İmamoğlu məlumat verib.
"İsgəndərun limanında baş verən yanğın nəzarət altına alınıb, mütəxəssislərimiz yanğını tam söndürmək üçün səylərini davam etdirirlər", - deyə bələdiyyə sədri yanğının söndürülməsinin videosunu paylaşaraq yazıb. Əməliyyatda Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş yanğınsöndürənlər, Türkiyə Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin aviasiya qüvvələri, eləcə də digər mütəxəssislər iştirak edirlər.
Liman ərazisində yanğın bazar ertəsi axşam saatlarında zəlzələ zamanı aşmış yüklərin olduğu konteynerlərdə baş verib. Hazırda liman işləmir, zəlzələ zamanı onun infrastrukturu zədələnib. Daha əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, yanğınla hələ də helikopter və təyyarələrdən istifadə etməklə mübarizə aparılır.
Rusiyanın Be-200 amfibiya-təyyarəsi güclü təkanlardan sonra yaranan böyük yanğınları söndürmək üçün çərşənbə günü Türkiyənin cənubundakı Adana Beynəlxalq Hava Limanına gəlib.