BAKI, 8 fevral — Sputnik. Azərbaycanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanması aksiyası davam edir. Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplama məntəqəsi təşkil olunub. Səhərdən başlayaraq minlərlə paytaxt sakini özləri ilə paltar, döşək, adyal, ərzaq və içməli su gətirərək bura axışır.
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş Konsulluğu Azərbaycan vətəndaşlarına kömək üçün müraciət edib. Müraciətdə zəlzələdən zərər çəkən vətəndaşların müxtəlif əşyalara ehtiyacı olduğu bildirilib.
Fevralın 6-da səhər saatlarında, Türkiyənin cənub-şərqində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 7,7 bal gücündə zəlzələ baş verib və bu, 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələ olub. Bazar ertəsi günortadan sonra 7,6 bal gücündə daha bir zəlzələ baş verib.