BAKI, 8 fevral — Sputnik. Qərb ölkələrinin göstərdiyi səylər Rusiya Federasiyası ilə Hindistanın müdafiə sahəsində tərəfdaşlığını dayandıra bilməyəcək. O, bu barədə TASS-a müsahibəsində "Brahmos Aerospace" Rusiya-Hindistan Birgə Müəssisəsinin baş icraçı direktoru Atul Dinkar Rane bildirib.
"Texniki sahədə elm adamları arasında Rusiya-Hindistan tərəfdaşlığı o qədər dərindir ki, onu məhv etmək mümkün deyil. Kimsə bizə desə də, daha rusiyalılarla danışma, başqaları ilə danış, biz cavab verərik - yox, rusiyalılarla işləmək bizim üçün daha asandır", - agentliyin həmsöhbəti əlavə edib.
Şirkət rəhbəri Qərbin Rusiyaya qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyaların birgə müəssisənin işinə təsir edə bilməyəcəyinə diqqət çəkib. "İki tərəfdaş arasında mövcud olan etimad o qədər güclüdür ki, biz hər hansı sanksiyalara baxmayaraq, işimizi davam etdirə bilərik. Bəzi problemlər var, lakin müzakirə edib həll yollarını tapmaqla bu problemlərin öhdəsindən gələ bilərik. Hazırda təchizat zəncirində, müzakirələrin aparılmasında problem yoxdur", - Rane bildirib.
"Bramos" "BrahMos Aerospace" tərəfindən istehsal olunan səsdən sürətli qanadlı raketdir. O, Rusiyanın "NPO Mashinostroyeniya" və Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanıb. Raketin ilk sınaq buraxılışı 2001-ci ildə baş tutub. Onun müxtəlif versiyaları Hindistan Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və quru qüvvələrinin xidmətindədir. Şirkətin baş ofisi Yeni Dehlidə yerləşir. "Brahmos" adı iki çayın - Hindistanın Brahmaputra və Rusiyanın Moskva çayının adlarının birləşməsindən yaranıb.