BAKI, 8 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Bu barədə nazirlik məlumat yayıb.
Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb
Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını qardaş ölkəyə aparan təyyarə yola düşüb.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Hava nəqliyyatı ilə ümumilikdə 115 ədəd müxtəlif ölçülü çadır, 1448 ədəd ədyal, 140 ədəd çarpayı, 90 ədəd qızdırıcı, 300 ədəd masa, 1000 ədəd oturacaq, 2000 ədəd iplik dəsmal və digər ləvazimatlar göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.