PAYTAXT XƏBƏRLƏRİ

Bakıda Türkiyəyə yardım üçün izdiham yaşanır - Qardaş dəstəyi - Video - Foto

Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın edirlər.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Azərbaycanda Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdə zərərçəkmişlərə yardım kampaniyası davam edir. Dünəndən başlayan yardım kampaniyasına minlərlə insan axışır. Hər kəs qardaş Türkiyədə zəlzələdə zərərçəkmişlərə yardım etmək üçün yardımların toplanma məntəqələrinə gəlir.
Bu gün Türkiyədə zəlzələdə zərərçəkmişlərə yardım üçün daha bir toplanış məntəqəsi Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında yerləşən Bakı İdman Sarayında (əvvəlki adı Əl Oyunları Sarayı - red.) təşkil olunub. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, səhər saatlarından Bakı İdman Sarayının qarşısına yardım məqsədilə insanlar axışır. Onlar zərərçəkmiş türk qardaşlarımıza öz dəstəklərini ifadə edirlər. Yardımların ardı-arası kəsilmir.
Yardım məqsədilə gələnlərin bir qismi Hövsan qəsəbə sakinləri idi. Cavid Məmmədov adlı Hövsan sakini Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyənin bu çətin anında Azərbaycandan dəstək çox vacibdir:

"Bizdə türk qardaşlarımıza yardım üçün buradayıq. Belə qərara gəldik ki, əlimizdən nə gəlirsə dəstəyimizi əsirgəməməliyik. Allah köməkləri olsun, biz həmişə Türkiyənin yanındayıq. Bu əvvəldən belə olub, belə də davam edir".

Digər yardım üçün gələn Manaf Xudiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünəndən Babək prospektində toplama məntəqəsinə gətirilən yardımların çeşidlənərək karton qutulara yığılmasına kömək edib. Bu gün isə artıq orada yardımların yığılmaıs üçün yer olmadığından buraya gəlib:

"Biz qardaş Türkiyə xalqının yanındayıq. Necə ki, onlar 44 günlük müharibədə bizim arxamızda idilər. Dünən Babək prospektinə toplanan yardımları yola saldıq. Bu gün isə buradayıq. Onların kədəri bizim kədərimiz, sevincləri isə bizim sevincimizdir. Allah kömək olsun".

Yardım üçün Bakı İdman Sarayının qarşısına axışan Azərbaycan vətəndaşları artıq Babək prosektində körpünün altında yer olmadığını söylədilər.
Bakıda Türkiyəyədə zəlzələdə zərərçəkmişlərə yardımlar davam edir
Türkiyənin Azərbaycandakı Səfirliyi, zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Bildirilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş" mebel mağazasında toplanır. Hazırda isə orada yer olmadığından Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında yerləşən Bakı İdman Sarayında qəbul edilir. Həmçinin, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələ ilə bağlı muxtar respublika sakinlərinə müraciət edib.
Bakıda Türkiyəyədə zəlzələdə zərərçəkmişlərə yardımlar davam edir
O da bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Yardımda iştirak etmək istəyənlər üçün zəlzələ bölgəsinə ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır. Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür. Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdə ölənlərin sayı 5400-ü keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.