İQTİSADİYYAT

Azərbaycanda minimum maaş yaşayış minimumu məbləğindən 40 faiz yüksəkdir

Orta aylıq əmək haqqında 55 faiz, əmək müqavilələri sayında 35 faizdən çox, ölkənin ümumi əməkhaqqı fondunda 2,5 dəfəyədək artım baş verdiyi qeyd olunub.
Sputnik
BAKI, 8 fevral — Sputnik. BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci sessiyası çərçivəsində "COVID-19-dan sonrakı bərpanı və "Dayanıqlı İnkişaf 2030" Gündəliyinin tam icrasını sürətləndirmək üçün hamı üçün tam və məhsuldar məşğulluğun və layiqli əməyin təmin olunması" mövzusunda Nazirlər Forumu keçirilib.
Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu günlərdə Türkiyə və Suriyada baş vermiş zəlzələ zamanı həlak olanlara Allahdan rəhmət diləyib, hər iki ölkənin xalqına, həlak olanların doğmalarına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb. O, bu ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərində Azərbaycan tərəfindən də dərhal yardım məqsədli təxirəsalınmaz tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Nazirlikdən bildiriblər ki, A.Kərimov COVID-19 pandemiyası dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə qəbul olunan sosial-iqtisadi proqramları, maliyyə tutumu 3 mlrd. dollar olan bu dəstək proqramlarının əhalinin yarısını, yəni 5 mln. insanı əhatə edərək onların rifahına dəstək olduğunu qeyd edib. O, pandemiya dövründə mövcud iş yerlərinin, əməkhaqqı gəlirlərinin qorunması, əsassız işdən çıxarılma və ixtisarların qarşısının alınması, əməkhaqqının subsidiyalaşdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirləri, özəl sektorda vergi və gömrük rüsumlarından müvəqqəti azadolmaların tətbiq edildiyini diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyasının Nazirlər Forumunda çıxışı zamanı
Bildirib ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təminatı proqramı icra olunub. Həmçinin məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai işlər proqramı həyata keçirilir ki, pandemiya dövründə bu proqramın əhatə etdiyi iş yerlərinin sayı 40 mindən 90 minə çatdırılıb.
Nazir müavini habelə özünüməşğulluq proqramının genişləndirildiyini, həssas qruplardan olan ailələrin kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edildiklərini, bu uğurlu proqramın genişləndirilməsində və təkmilləşdirilməsində BMT İnkişaf Proqramı, Dünya Bankı, KOBİA və digər tərəfdaşlarla əməkdaşlığı qeyd edib.
A.Kərimov pandemiya dövründə digər sosial dəstək tədbiri olaraq yaşı 65-dən yuxarı olan insanlara evdə sosial xidmətlər göstərildiyini, eləcə də özəl sektora aid sosial tərəfdaşlarla birgə il ərzində bir neçə dəfə 100 mindən çox ailəyə ərzaq yardımı edildiyini diqqətə çatdırıb. Digər tərəfdən, ölkədə səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün modul tipli xəstəxanalar yaradıldığını bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyasının Nazirlər Forumunda çıxışı zamanı
BMT təsisatları ilə əməkdaşlıqda Azərbaycanda 2019-2030-cu illər üçün Məşğulluq Strategiyası hazırlanaraq təsdiq edildiyi diqqətə çatdırılıb. Azərbaycanın regionda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 3-cü dəfə könüllü milli hesabatı təqdim edən ilk ölkə olduğu qeyd olunub. Azərbaycanda son illər ardıcıl olaraq icra olunan sosial islahat paketləri, həmçinin bu ilin əvvəlindən 2 milyonadək insanı əhatə edən yeni, son beş ildə dördüncü sosial islahat paketi barədə məlumat verilib. Son beş ildə ölkədə sosial ödənişlərdəki ciddi artımlar, habelə ölkəmzidə minimum əməkhaqqının hazırda yaşayış minimumu məbləğindən 40 faiz yüksək olduğu, orta aylıq əmək haqqında 55 faiz, əmək müqavilələri sayında 35 faizdən çox, ölkənin ümumi əmək haqqı fondunda 2,5 dəfəyədək artım baş verdiyi qeyd olunub.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri, BƏT-lə genişlənən əməkdaşlıq gündəliyi, Azərbaycanın DOST Konsepiyası və onun uğurları, dövlət sosial xidmətlərinin elektronlaşdırılması proqramının nailiyyətləri, ölkəmizdə gənclərin, qadınların məşğulluq imkanlarının artırılması, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi, beynəlxalq əmək standartların tətbiqi və s. istiqamətlərdə aparılan işlər barədə də məlumat verilib.
Xatırladaq ki, minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.