CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əcnəbilərin daimi yaşaması üçün tələblər sərtləşdirilir

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər iki dəfə artırılır. Belə ki, daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.
Qeyd edək ki, yerli əmək bazarının qorunması, daşınmaz əmlak bazarının, qiymətli kağızlar və bank sektorlarının inkişafına dəstək, real investisiya qoyuluşu ilə nəticələnməyən xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayının süni surətdə artması riskinin qarşısını almaq, eləcə də miqrasiya sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə Miqrasiya Məcəlləsinə dəyişikliklər təklif olunur.
Həmin məbləğlər müvəqqəti yaşamaq icazəsinin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.
Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər.
14 yaşına çatmamış uşağın Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında, 14-18 yaşı olan uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında alınır.
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər.