BAKI, 7 fevral — Sputnik. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
***
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparır.
Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhəlləsi, Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı" adlı 8 mərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərir.
Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəliblər. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.
FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, "Gökan apartmanı"nda dağıntıları altında qalmış şəxsin meyitini aşkarlayıb.
İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə 6 şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
***
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir: "Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə azı 3381 nəfər ölüb, 20426 nəfər yaralanıb.