BAKI, 7 fevral — Sputnik. Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib ki, qardaş ölkədə baş verən faciə ilə əlaqədar kanalların bəziləri artıq özləri proqram səbətinə dəyişiklik edib: "Audiovizual Şura olaraq biz də tövsiyə vermişik ki, bu məsələ nəzərə alınsın".
Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, AzTV, "Mədəniyyət" TV, "İdman" TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.
Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da bir qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.
Bundan əlavə, QSC-nin TRT və "Anadolu" agentliyi ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.
"ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Mail Əsgərovun verdiyi məlumata görə, sözügedən kanalada musiqili-əyləncəli verilişlərin formatı dəyişib: "ARB" televiziyasında yayımlanan verilişlərin böyük bir hissəsi musiqili-əyləncəli verilişlərdən ibarətdir. Həmin verilişləri efirdən çıxarsaq, "efir setkası" boş qalacaq. Ona görə də biz qərara gəldik ki, verilişlərin formatı dəyişdirilsin. Verilişlər efirə getsə də, orada əyləcə yox, Türkiyədə baş verən hadisələr tamaşaçılara çatdırılır".
"Azad Azərbaycan" Teleradio Şirkətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Özal İbrahimlinin sözlərinə görə, həmin televiyada bütün əyləncəli verilişlər dayandırlıb: "Bunu ilk biz etdik. Dünən səhərdən ATV-nin efir torunda dəyişiklik edildi. Bütün əyləncəli və musiqili proqramlar yayımdan çıxarılıb".
İTV-nin Aparat rəhbərinin müavini Ələsgər Vəliyevin sözlərinə görə, onlar da digər qonşu kanallar kimi Türkiyədə baş verən faciə ilə əlaqadar olaraq, verilişlərdə müəyyən dəyişikliklər olub: "İTV onsuz da həmişə bayağı şoulardan qaçıb. İndi isə daha diqqətli yanaşırıq. Türkiyənin acısı bizzim acımızdır. Ona görə də yayımlanan hər verilişə diqqət edirik".