BAKI, 7 fevral — Sputnik. Gələn ay Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşünə ev sahibliyi edəcək.
Bunu Prezident İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Klemens Xanduukeme Kaşuupulvanın etimadnaməsinin qəbulu zamanı deyib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olaraq bu təşkilatın təsisatlanması istiqamətində işlər apardığını vurğulayıb.
Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar prosesi çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin Təhlükəsizlik Şurasında daimi üzv kimi rotasiya qaydasında təmsil olunması mexanizminin nəzərdən keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Bu xüsusda Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılması vacibdir, bu cür yanaşma daha ədalətli olacaq.
Prezident ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu bildirib, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, həmçinin turizm imkanlarının və biznes strukturları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.
İlham Əliyev Azərbaycanla Laos arasında həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində yaxşı əlaqələrin olduğunu və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin önəmini qeyd edib. Prezident İlham Əliyev BMT-dəki islahatlar çərçivəsində Qoşulmama Hərəkatına sədr dövlətin rotasiya əsasında BMT Təhlükəsizlik Şurasında təmsil olunması ilə bağlı Azərbaycanın təklifinin əhəmiyyətini vurğulayıb.
Səfir Laos Prezidenti Thonqlun Sisulitin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyevə salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Laos Prezidentinə çatdırmağı xahiş edib.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən səfir Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Sovet dövründə çoxlu sayda laoslu tələbənin Azərbaycanda təhsil aldığını qeyd edən Vilavan İyapohe hazırda onların Laosda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verdiklərini bildirib.
Səfir ölkələrimiz arasında iqtisadi və turizm sahələrində əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.