BAKI, 7 fevral — Sputnik. Azərbaycanda dayələrlə bağlı yenilik olacaq. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) "Dayə" ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
Bəs görəsən dayələrə bu sənəd hansı qiymətləndirmə meyarlarına əsasən veriləcək? Bu yenilik onların əmək bazarına çıxışına hansı üstünlüklər qazandıracaq?
Dayələr vergiyə cəlb edilə bilər
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentliyin dayələrlə bağlı tətbiq edəcəyi bu yenilik müsbət addımdır. Onun sözlərinə görə, dayə peşəsi Azərbaycanda son 10-15 ildə yaranmış peşə olduğundan, yeni fəaliyyət sahəsi sayılır.
K. Əsədov ona görə də, əvvəllər bu sənətin peşə məktəblərində tədris olunmadığını söyləyib. Ekspert bildirib ki, hazırda Azərbaycanda dayə fəaliyyəti ilə məşğul olanların sayı 40 min nəfərə çatır. Bu peşəyə dair müvafiq sənədin əldə edilməsi daha çox işədüzəltmə agentliklərində, kurslarda tələb olunur. Ona görə də K. Əsədov kütləvi şəkildə bu təhsil sənədini əldə etməyə marağın olmayacağı qənaətindədir:
"Dayə axtaranlar daha çox dayəni fərdi qaydada tapır. Onlar əsasən tanışlıq əsasında dayə işə qəbul edirlər. Əmək bazarında dayə fəaliyyəti göstərənlərin demək olar ki, mütləq əksəriyyətinin təhsil sənədi yoxdur. Bu tipli hüquqi sənədin verilməsi dayələrin gələcəyi baxımından müsbət addım hesab edilsə də, onların vergi ödəyicisi kimi qeydiyyata alınmasına gətirib çıxardacaq. Bu dayələrin fəaliyyətinin şəffaflaşmasına səbəb olacaq. Amma dayələrin vergi ödəyicisi kimi qeydiyyata düşməyə maraqlı olacağı inandırıcı deyil. Bu səbəbdən bu təhsil sənədini əldə etməyə kütləvi axın olacağına inanmıram".
Peşə məktəblərində dayə ixtisası açılmalıdır
K. Əsədov qeyd edib ki, dayəliyin bir peşə kimi peşə məktəblərində tədris olunmasının vaxtı çoxdan çatıb. Ekspert deyir ki, hər yaşa görə uşaqla davranış qaydaları fərqlidir. O, həmçinin dayənin müəyyən uşaq xəstəlikləri barədə eləcə də uşağa baxarkən gigiyenik qaydalar barədə məlumatlı olmasının vacib olduğunu söylədi.
Məhkumluq yaşayan qadınlara bu sənəd verilə bilməz!
Ekspert TKTA-nın dayələrin bilik və bacarıqlarını tam qiymətləndirən alətlərinin olduğuna inanmadığını söyləyib. Bildirib ki, dayələrin bilik və bacarıqları müxtəlif istiqamətlərdə yoxlanılmalıdır. Həmçinin dayələrin yaş senzi də müəyyən edilməlidir. K. Əsədov deyir ki, dayələrə sertifikat verən qurum onlarla bağlı müəyyən informasiyaları da əldə etməlidir. Belə ki, məhkumluğu olan, hər hansı ağır cinayət törətmiş, uşaq zorakılığına görə cəza çəkmiş şəxslərə belə sertifikat verilməməlidir:
"Eyni zamanda onların psixoloji durumu qiymətləndirilməlidir. TKTA-nın bu məlumatların olduğu bazaya giriş imkanı olmalıdır.Çox təəssüf ki, Azərbaycanda dayəliyin standartı yoxdur".
Dayələrlə bağlı baza yaradılmalıdır
K.Əsədov gələcəkdə dayələrlə bağlı müvafiq bazanın yaradılmasını da vacib hesab edir. Bildirir ki, belə bir baza yaradılarkən onların dil bilikləri, təhsili, tibbi bilik bacarıqları da əlavə olunmalıdır ki, insanlar rahatlıqla öz istədikləri dayəni tapa bilsinlər.
Ekspert deyir ki, bu sertifikatların verilməsində şəffaflıq olacağına şübhə etmir: "Çünki, TKTA diplomların yoxlanılmasında nümayiş etdirdiyi şəffaflıqla özünə inam yaradıb. Əminəm ki, bu qurum dayələrin bacarıqlarını qiymətləndirərkən arzuolunmaz hallara yol verməyəcək".
Bununla belə K. Əsədov dayəliyin qiymətləndirilməsi üçün təkcə şəffaflığın yetərli olmadığı qənaətindədir. O, bildirdi ki, bu şəxslərə qiyməti dayə sahəsi üzrə ali təhsilli mütəxəssis verə bilər ki, hələki Azərbaycanda belə bir mütəxəssis yoxdur.
Azərbaycanda üç liseydə dayə hazırlanır
Sputnik Azərbaycan ölkəmizdə hansı peşə məktəbində dayə ixtisasının tədris edilib-edilmədiyini də araşdırıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hələki bu ixtisas regionlardakı peşə liseylərində tədris olunur. Bakıda peşə liseylərində buna təlabat olmadığından bu ixtisas qəbul planına salınmır. Qeyd edilib ki, hazırda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində, Beyləqan Peşə Məktəbində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dayə ixtisasları tədris olunur.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, artıq üçüncü ildir ki, dayə ixtisası tədris olunur.
"Gəncə Regional Təhsil İdarəsinin sifarişi əsasında hər il qəbul planı müəyyən edilir. Hər il bu ixtisas üzrə 20 tələbə təhsil alır. Bizim Mərkəzdə dayə ixtisası üzrə təhsil bir və iki illikdir. Onlar təhsil aldıqları dövrdə Gəncə Körpələr Evi və şəhərdə yerləşən uşaq bağçalarına təcrübəyə gedirlər" deyə Mərkəzdən bildiilib.
Mərkəzdən həmçinin onu da qeyd ediblər ki, dayə ixtisası üzrə təhsil alanlar əldə etdikləri təhsil sənədi ilə uşaq bağçalarında, körpələr evində dayə peşəsi üzrə fəaliyyət göstərirlər.
Dayələrin bacarıqları necə qiymətləndirilir?
TKTA Sputnik Azərbaycan-ın sorğusuna cavabda dayə ixtisası üzrə qiymətləndirmə meyarlarını açıqlayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda"ya əsasən, imtahanlarda iştirak etmək üçün müraciət edən şəxslər ilkin "sənədlərin ilkin baxış mərhələsi" hissəsindən keçdikdən sonra imtahana dəvət olunurlar.
Yenidən elə həmin "Qayda"ya əsasən qiymətləndirmə sözügedən ixtisasın Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris proqramında qeyd olunan təlim nəticələrinə uyğun olaraq həyata keçirilir. Bu təlim nəticələri haqqında məlumatlar hər ixtisas üzrə spesifik olub, Agentliyin rəsmi səhifəsində hər ixtisasın qarşısında "Metodik vəsait" başlığı altında ictimaiyyətə açıq formada paylaşılır.
Qiymətləndirən kimlərdir?
Sözügedən "Qayda"ya əsasən, qiymətləndirilmə Qiymətləndirmə Komissiyası və Komissiyanın tərkibinə daxil olan müvafiq sahə üzrə ekspertlər tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi sədr də daxil olmaqla 3 üzvdən – Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və işəgötürənlərin nümayəndələrindən ibarət olmaqla, Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi Komissiyanın sədri təyin olunur. Komissiya tərkibinə daxil olan sahə üzrə ekspertlər prosesdə qiymətləndirməni həyata keçirir, nəticəni Qiymətləndirmə Komissiyasına məruzə edir, son qərar Qiymətləndirmə Komissiyası tərəfindən verilir.
Bu sənəd peşə məktəbinin diplomuna bərabərdir
Agentlikdən həmçinin qeyd edilib ki, müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) ayrıca hissəsi olan modul təlimi üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş ərizəçiyə sertifikat verilir. Müvafiq ixtisas üzrə biliyi və həmin ixtisas üzrə təhsil proqramının (kurikulumun) bütün modulları üzrə bacarıq, səriştə və təcrübəsi qiymətləndirilərək, müvəffəqiyyətlə imtahandan keçmiş və sertifikatlar almış ərizəçiyə isə diplom təqdim olunur.
Ərizəçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
TKTA-dan onu da qeyd ediblər ki, qeyri-formal təhsil- formal təhsil mühitindən kənarda baş verən yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur. İnformal təhsil isə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.
Daha səkkiz ixtisas üzrə qiymətləndirmə aparılacaq
2023-cü il ərzində 8 yeni ixtisas üzrə qiymətləndirmə və tanınmanın həyata keçirilməsi nəzərdə tutulub. Agentlikdən verilən məlumata görə, bunlar dərzi, dayə, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, əməliyyatçı-mühasib, bağban-dekorator peşələridir. Bu ixtisaslar üzrə artıq sual bazası hazırlanıbdır. Digər 2 ixtisasın il ərzində müraciətə uyğun olaraq müəyyənləşdirilməsi nəzərdə tutulub.
"Dövr ərzində ümumilikdə 12 ixtisas üzrə qiymətləndirmə və tanınma həyata keçirilib. Bunlar qənnadçı-şirniyyatçı, bərbər, tikiş avadanlıqlarının operatoru, tikişçi, mobil telefonların təmiri ustası, plastik boru qaynaqçısı, baytar texniki, ərzaq və qeyri-ərzaq malları satıcısı nəzarətçi-xəzinədar, elektrik qaz qaynaqçısı, avtomobillərin təmiri çilingəri, turizm sahəsində iaşə üzrə mütəxəssis, aşpaz, quru inşaat ustası ixtisalarıdır" deyə TKTA-dan bildirilib.
O ki, qaldı müraciət edənlərdən neçə nəfərə imtina verilməsinə, Agentlikdən sözügedən istiqamət üzrə proses elektronlaşdırılmadığından imtinalar üzrə dəqiq statistikanı təmin etməyin mümkün olmadığını bildiriblər.
Dayə ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr, bu keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər. Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.