AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb

Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin isə qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.
Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.
Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.
Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqların yola salınması üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 2921 nəfərə çatıb. 15 834 nəfər yaralı var.
Dağıntıya məruz qalmış binaların sayı isə 6217-dir.