BAKI, 6 fevral — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.