BAKI, 6 fevral — Sputnik. Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10° aşağı enəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.
Fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.
Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Fevralın 11-dək yollar buz bağlayacaq.