AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azad edilmiş ərazilərdə yeni minalar aşkarlandı

Minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 7 mina və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 7 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, yanvarın 30-dan fevralın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 7 mina və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 362 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.