BAKI, 6 fevral — Sputnik. “Fransa Türkiyə əhalisinə yerindəcə təcili yardım göstərməyə hazırdır”.
Bunu Fransa Prezidenti Emmanuel Makron Twitterdə yazıb.
O, Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı Türkiyə xalqına və hökumətinə başsağlığı verib.
Almaniya
“Biz tezliklə Türkiyəyə yardım göndərəcəyik”.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Twitter yazıb.
“Türkiyədən və Suriyadan dəhşətli xəbərlərlə oyandıq. Fikirlərim bu dəhşətli zəlzələ qurbanlarının yaxınları və ailələrilədir”, - o bildirib.
Böyük Britaniya
“Biz Türkiyəyə yardım göstərməyə hazırıq”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Twitterdə yazıb.
“Türkiyə və Suriyada baş verən zəlzələ faciəvi insna itkiləri ilə nəticələnib. Ölənlərin ailələrinə başsağlığı veririk, yaralılara şəfa diləyirik”.
Avropa ittifaqı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Ankaraya yardım təklif edib.
O, Türkiyə ilə həmrəy olduğunu söyləyib.
“Bu səhər Türkiyə və Suriyanın bəzi bölgələrində baş verən dağıdıcı zəlzələ xəbərini eşidəndə çox kədərləndim.
Həyatını itirən çoxlu ailələrə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Ş.Mişel bildirib.
Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel də özünün Twitter səhifəsində Türkiyəyə kömək etməyə hazır olduqlarını yazıb:
“Bu səhər Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoyub, çoxlu sayda yaralı var. Dualarımız Türkiyə və Suriya xalqının yanındadır. Avropa İttifaqı lazımi köməyi göstərməyə hazırdır”.
"Türkiyə və Suriyaya yardım göndərməyə hazırıq”. Bunu isə Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi sosial şəbəkə hesabında yazıb.
“Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan zəlzələ barədə eşitmək şokedicidir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - komissar vurğulayıb.
ATƏT
ATƏT sədri Buyar Osmani də Twitter-də yazıb ki, “Türkiyəyə yardım göstərməyə hazırıq”.
O, zəlzələ ilə bağlı Türkiyə və Suriya xalqına başsağlığı verib: “Yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.
Gürcüstan
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib. O, bu barədə Twitterdə yazıb.
“Kahramanmaraşda baş verən dağıdıcı zəlzələ ilə əlaqədər Türkiyə xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Biz Türkiyə xalqının yanındayıq və lazım olan hər cür yardımı göstərməyə hazırıq”, - hökumət başçısı bildirib.
İsrail
İsrailin xarici işlər naziri Eli Koen Kahramanmaraş mərkəzli zəlzələdən "dərin təəssüfləndiyini" ifadə edərək, təcili yardım proqramının hazırlanması üçün təlimat verdiyini bildirib.
Digər tərəfdən, İsrailin müdafiə naziri Yoaz Gallantın İsrail ordusu və nazirlik qurumlarına humanitar yardım göstərilməsi üçün təlimat verdiyi paylaşılıb.
Yunanıstan
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis sosial media hesabında Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib. Mitsotakis paylaşımında zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib və "Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək" deyib.
Hollandiya və Rumıniya
Avropa İttifaqının Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzindən bildirilib ki, Hollandiya və Rumıniyadan xilasetmə qrupları Türkiyəyə dəstək məqsədilə yola çıxıb.
***
Türkiyəyə ilk yardım Azərbaycandan gedib. Türkiyənin yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Xatırladaq ki, Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin vitse-prezidenti Fuat Oktaya ünvanladığı başsağlığı məktubunda qeyd edib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır. Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.