BAKI, 5 fevral - Sputnik. Rusiyanın Udmurt Respublikasının sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən “Kainat xanımı – 2022” beynəlxalq gözəllik müsabiqəsinin əsas titulunu qazanıb.
Rusiya tərəfdən tədbirin təşkilatçıları TASS-a bildiriblər ki, bu il müsabiqə yanvarın 30-dan fevralın 5-dək Sofiyada keçirilib.
“Otuz dörd yaşlı Udmurtiya sakini Yelena Maksimova fevralın 4-də Sofiyada finalı keçirilən “Kainat xanım – 2022” gözəllik müsabiqəsinin qalibi olub”, - deyə mətbuat xidmətindən bildiriblər.
Finala müxtəlif ölkələrdən - Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 xanım çıxıb.
2007-ci ildən keçirilən yarışın tarixində ilk dəfə olaraq Rusiya təmsilçisi birinci yerə layiq görülüb. Yelena Maksimova Udmurtiyanın Gıya kəndində anadan olub.
Hazırda o, İjevsk şəhərində dil mərkəzləri şəbəkəsini idarə edir. İki övladı var, səyahət etməyi sevir və artıq 34 ölkəni ziyarət edib.
2021-ci ildə Maksimova "İkinci vitse-xanım Rusiya - Kainat" titulunu əldə edib ki, bu da ona ölkəsini müsabiqənin beynəlxalq mərhələsində təmsil etmək imkanı verib.