BAKI, 5 fevral — Sputnik. Son zamanlar təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da genişlənib. Qardaş ölkə bu sahədə təcrübəsini Azərbaycanla bölüşür, Türkiyənin milli təhsil naziri azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında birgə universitetin yaradılmasını da müzakirə edib.
Ölkələrarası əməkdaşlıq Azərbaycanın təhsil sisteminə nə qazandıracaq?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır: "Bunadək də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Son illərdə görülən işlərin nəticəsində Türkiyənin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycanla bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisaslarının artımı istiqamətlərində görülən işlər müsbətdir. Həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərilməsi də olduqca müsbət haldır".
Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universitetinin fəaliyyət göstərdiyini deyən həmsöhbətimiz bildirir ki, bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkə ilə ortaq ali təhsil müəssisəsinin yaradılması çox mühüm hadisədir: "Qeyd edim ki, hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində ön yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir".
"Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır", - deyə o əlavə edib.
Azərbaycanın müştərək universitet təcrübəsinin olduğunu deyən ekspert buna misal olaraq Azərbaycan və Fransa birgə universitetini göstərir: "Düşünürəm ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar müsbət həllini tapacaq. Əlavə olaraq bildirim ki, ölkədə xarici universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Bu həm də xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq".
Təhsil üzrə digər ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Azərbaycanda Türkiyə məktəb və liseyləri fəaliyyət göstərir ki, biz burada da təhsilin müsbət mənada fərqini görə bilirik: "Düşünürəm ki, birgə yaradıılan universitetdə müasir dvrün tələblərinə cavab verən ixtisaslara daha çox yer ayılacaq. Burada hazırlanan kadrların gələcək iş və karyera imkanları, mütəxəssis olaraq formalaşması əsas faktor olacaq".
"Son zamanlar Türkiyə universitetlərinin İT sahə, kosmik texnologiyalar, hərb sənayesi üzrə əldə etdiyi nəticələr kifayət qədər uğurludur və biz də bu təcrübələri ənimsəsək, təbii ki, müsbət mənada dəyişikliklər görəcəyik", - deyə o əlavə edib.
O bildirir ki, belə bir universitetin yaradılması tələbələrimizin ölkədə qalmasına da təsir edəcək.