CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəlir vergisi: fiziki şəxslərin Azərbaycan banklarındakı depozitləri azalacaqmı?

2016-cı ildən Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərindən əldə olunan gəlirlərdən vergi tutulmayıb, bu da əhalinin depozitlərinin artmasına səbəb olub. Bank gəlirləri üzrə verginin qaytarılması qərarının səbəbi nədir?
Sputnik
BAKI, 4 fevral — Sputnik. Fevralın 1-dən Azərbaycanda fiziki şəxslərin ölkə bankları və xarici bankların yerli filialları tərəfindən əmanətlər üzrə əldə etdikləri illik gəlirləri yenidən 10% həcmində vergiyə cəlb edilib.
2016-cı il fevralın 1-dən onlar yeddi il müddətinə vergidən azad edilmişdilər.
Bank sektoru üçün risklər
İqtisadçı Natiq Cəfərli qeyd edib ki, fiziki şəxslərin əmanətlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi bir az təəccüblüdür, çünki devalvasiyadan və bir neçə bankın bağlanmasından sonra əhalinin bank sektoruna güvəni hələ yeni yaranmağa başlayıb. Ekspert hesab edir ki, bunu nəzərə alaraq, əmanətçilər üçün bu vergi güzəştini uzatmaq daha yaxşı olardı.
"Bank sektoru üçün bu o qədər də yaxşı xəbər deyil, çünki insanlar bu cür vergi ilə banklarda əmanətlərinin ümumiyyətlə saxlayıb-saxlamamaq barədə düşünəcəklər? Bəlkə də bu vəsaitləri çıxarıb və məsələn, qonşu ölkələrdə – Türkiyədə və ya Gürcüstanda daşınmaz əmlaka investisiya qoymaq daha yaxşıdır. Məlumdur ki, qonşu dövlətlərdə azərbaycanlılar mənzil almaqda liderdirlər", - deyə Cəfərli Sputnik Azərbaycan-a bildirib.
Natiq Cəfərli
Ekspertin fikrincə, bu qərar depozitlərin kütləvi axınına səbəb olarsa, bank sektorunda müəyyən problemlər yarana bilər.

"Bizim 11,5 milyard manata yaxın əmanətimiz var, o cümlədən bu məbləğin təxminən 60%-i manatladır. Depozitlər üzrə orta faiz 9-10% təşkil edir. Yəni, söhbət əmanətlər üzrə gəlirlərdən il ərzində əldə olunacaq 60 milyon manat vergidən gedir. Bu, o qədər də böyük məbləğ deyil ki, hökumət bank sektorunda sabitliyi riskə atsın", - deyə Cəfərli bildirib.

Bununla yanaşı, o qeyd edib ki, əmanətlərin təxminən 40%-i xarici valyutadadır və onlar üzrə faizlər azdır, maksimum 1,5-2% təşkil edir.
Cəfərli qeyd edib ki, gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı bu qərar bəzi vətəndaşları banklardan əmanətlərini çıxarmağa sövq edə bilər.
Alternativ maliyyə bazarının olmaması
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda fiziki şəxslərin əmanətlərindən əldə olunan gəlir vergisi əvvəllər də mövcud olub.
"Yəni Vergi Məcəlləsində fiziki şəxslərin depozitlərindən gəlir vergi həmişə nəzərdə tutulub, sadəcə bəzi illərdə əhalinin banklardakı əmanətlərinin artımını stimullaşdırmaq üçün vergi tutulmayıb", - deyə Kərimli bildirib.
Xalid Kərimli
O, eyni zamanda qeyd edib ki, 2016-cı ildə bu vergi növündən imtinada əsas məqsəd banklardan əmanətlərin çıxarılmasının qarşısını almaq və əhalini depozitləri manatla saxlamağa təşviq etmək olub.
İqtisadçı hesab edir ki, indi bu məqsədə nail olunub - depozitlərin həcmi 8 milyard manatdan 11 milyard manatdan artıq artıb, eyni zamanda, manatla əmanətlər onların strukturunda üstünlük təşkil edir.

"Hesab edirəm ki, verginin yenidən tətbiqi əhalinin banklardakı əmanətlərinə təsir etməyəcək. Gəlirlər, şübhəsiz ki, müəyyən qədər azalacaq, lakin insanlar çətin ki, öz pullarını hesablarından çıxarsınlar, çünki investisiyalardan qazanc əldə etmək üçün alternativ maliyyə aləti yoxdur", - deyə Kərimli qeyd edib.

O qeyd edib ki, Azərbaycanda onlardan pul qazanmaq üçün alternativ maliyyə bazarları yoxdur.
İstiqrazlara sərmayə qoymaq olar, lakin orada daha az qazanc və daha çox risk var, çünki dövlət əhalinin 100 min manata qədər yatırımına zəmanət verir. Ekspert bildirib ki, istiqrazlara gəlincə isə, hələlik bu sahədə belə bir sığorta sistemi yoxdur.
"İnvestisiyaların digər variantı daşınmaz əmlaka qoyulan investisiyadır, lakin orada da gəlir üzrə faizlər aşağıdır. Əgər depozitlərdə onlar 8-10% təşkil edirsə, daşınmaz əmlakda isə cəmi 3-5% təşkil edir. Buna görə də fiziki şəxslərin əmanətləri üzrə gəlirlər azalsa belə, bu, hesablardan vəsaitlərin kütləvi şəkildə çıxarılmasına gətirib çıxarmayacaq", - deyə Kərimli hesab edir.

"Məsələn, bank depozitinə 10 min manat qoysaq, illik gəlir 10%, yəni 1000 manat olacaq. Vergi çıxarıldıqdan sonra təxminən 900 manat qalacaq. Bu artıq bir növ gəlirdir ", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

O hesab edir ki, gəlir vergisinin yenidən tətbiq edilməsinin əsas səbəbi Azərbaycanın bank sektorunun yüksək likvidliyi və əlavə vəsaitə ehtiyacın olmamasıdır.