MƏDƏNİYYƏT

"Atabəylər"serialının layihə rəhbəri: "Hədəfimiz "Netflix"dir" - VİDEO

Layihə rəhbərinin sözlərinə görə, tarixi serial çəkmək çox böyük məsuliyyət tələb edir.
Sputnik
BAKI, 4 fevral — Sputnik. Maraqla gözlənilən "Atabəylər: Şəmsəddin Eldəniz" serialının çəkilişi üçün Türkiyədən rejissor gətiriləcək. Bu da bəzi kino işçilərininin narazılığına səbəb olub.
Kinoşünas Aygün Aslan bildirir ki, Azərbaycanda tarixi serial çəkə biləcək rejissorlar var. Sadəcə onlara bunun üçün şans verilməldir: "Əgər söhbət vizuallıqdan gedirsə, Elxan Cəfərovun "Dolu", "Yarımçıq xatirələr" filmləri var. Söhbət filmin təbii alınmasından gedirsə, Emil Quliyev kimi rejissorumuz var. Sadəcə bizim rejissorlara inanmaq və onlara sərbəstlik vermək lazımdır".
Aygün Aslan hesab edir ki, Türkiyədən rejissor gətirməklə böyük bir uğur əldə edəcəyimizə inanmaq ağılsızlıqdır: "Ötən il türkiyəli rejissor Semih Kaplanoğlu "Türk filmləri həftəsi"i çərçivəsində ölkəmizə gəlmişdi. Ona bir xanım sual verdi ki, "Siz Qarabağla bağlı film çəkmək istəyərdiniz?" O isə cavabında "Qarabağ müharibəsindən filmi siz çəkməlisiniz. Şuşa sizin mədəniyyət mərkəzinizdir, siz onu hiss edib film çəkə bilərsiniz" demişdi.
Mən "Atabəylər" serialına türkiyəli rejissorun dəvət olunmasının səbəbini bilmirəm. Ehtimal edirəm ki, bu gün Türkiyədə çəkilən tarixi seriallar, xüsusilə də TRT-də yayımlanan seriallar çox uğurldur. Bizimkilər də düşünür ki, həmin nəticəni burada da əldə edə biləcəklər. Amma məsələ bu deyil. Ekşn çəkmək üçün birinici növbədə texnika, kaskadyorlar lazımdır. Bu bizdə də var. Daha uğurlu iş ortaya qoymaq üçün həmin serialların təlimçilərini dəvət edib burada təlim keçmək olar".
Aygün Aslan
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun sözlərinə görə, təcrübə göstərir ki, türklər müştərək filmə girəndən sonra, öz partnyorlarını layihədən uzaqlaşdırırlar. Bu sırf onların işinə çevrilir. Cabbarovun fikrincə, Azərbaycan büdcəsinə çəkilmiş film, bu ölkənin problemlərini, dərd-sərini, mentalitetini göstərən kino olmalıdır:
"Götürək rejissor "Mahmud və Məryəm " filmini. O filmi Azərbaycan filmi adlandıra bilmərik. Halbuki, o filmdə Azrbaycan tərəfi iştirak edib. Sabah bizə "Kurtlar vadisi"nin pis nüsxəsi lazım deyil. Azərbaycanın zəngin kino ənənəsi var. Azərbaycan kinosu formalaşanda, orada kino həvəskar formatda çəkilirdi. Döyüş səhnələrinin çəkilməsi kömək etmək istəyirlərsə, bu çox yaxşıdır. Məsələn, Türkiyə vətəndaşı olan ermənilər var. Onlar gəlib burada erməni obrazını yarada bilərlər. Amma "biz çəkə bilmirik, qoy onlar gəlib çəksinlər" deyən insana etiraz etmək lazımdır. "Nabat"ı, "Fəryad"ı, "Hər şey yaxşılığa doğru"nu azərbaycanlılar çəkib. "Kurtlar vadisi" populyar serial ola bilər, amma sənət dəyəri çox aşağıdır".
Bədii televiziya serialının layihə rəhbəri Sərvər Bayramov bildirib ki, sözügedən serialın yaradıcı heyətinin 80 faizi ölkəmizə, 20 faizi isə Türkiyəyə məxsusdur. S.Bayramov vurğulayır ki, tarixi serial baxımından ölkəmizdə ilk təcrübədir. Buna görə də Türkiyə ilə müştərək fəaliyyətə başlamağı daha uyğun hesab edirlər: "Son illər Türkiyədə yayımlanan serialları yəqin ki hamı izləyir. Onların tarixi janrda çəkdiyi seriallar bizim televiziyalarla yanaşı, digər xarici ölkələrdə də yayımlanır. Biz "Co-production" (şirkətlər arasında müştərək iş) düşündük. Yaradıcı heyətin 20 faizi Türkəydən, 80 faizi isə bizdən olacaq. Çünki, bizim üçün də kadrların yetişməsi önəmlidir".
Layihə rəhbərinin sözlərinə görə, tarixi serial çəkmək çox böyük məsuliyyət tələb edir. Serial orta əsrləri əhatə edir. Eldənizlər dövləti 1136-cı ildə yaranıb, 1225-ci ildə süqut edib. Həmin dövrün geyimi, məişəti, hansı silahlardan istifadə olunması tam məlum deyil. Buna görə də tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb.
Eyni zamanda, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir: "Yaradıcı heyətlə birlikdə muzeyləri gəzdik, həmin dövrə aid eksponadların yer aldığı məkanlara getdik. Məlum oldu ki, həmin dövrə aid fərqli mülahizələr irəli sürülür. Şəmsəddin Eldənizin portetini yaratmış rəssamların əsərlərinə baxdıq, onlar da fərqli-fərqli idi. Bu məsuliyyəti dərk edərək yeni standartın yaranacağının fərqindəyik. Bundan başqa, mərkəz yaratmışıq, orada 30-dan artıq ərəb atı yetişdirilir. Eyni zamanda, aktyorların üzərində də təlimlər olacaq. Onların at üzərində döyüş kadrlarının çəkilməsi zamanı necə rəftar edilməsini təlim zamanı öyrədəcəklər".
Bayramovun dediyinə görə, hazırda paviylonun tikiməsi prosesi gedir. Onun sözlərinə görə, Azərbaycanın qədim şəhərləri olan Təbriz, Gəncə, Şamaxı, Naxçıvanın eskizləri hazırlanır: "Bizim hədəfimiz "Netflix" platformasına çıxmaqdır. Güzdək ərazisində 5 min kvadratmetr ərazidə pavilyon tikilir. Qapalı pavilyonun bir hissəsi vartıq hazırdır. Şamaxıda 7 hektarlıq ərazidə paviloyn tikilir".
Layihə rəhbərinin sözlərinə görə, həmin pavilyonun çəkilişdən sonra muzey-park kimi qonaqların istfadəsinə verilməsi nəzər tutulur: "Bütün bu nüansları nəzərə alaraq düşündük ki, ilk 8 bölümü türkiyəli həmkarlarla birlikdə işləyək. Onların təcrübəsindən yararlanaq. Mən əminəm ki, bizim rejissorlarımız daha üstün sənət əsəri ortaya qoyacaqlar. Əsas məqsəd odur ki, Azərbaycan tarixi işıqlandırılsın. Regional kontekstdə götürsək, Mərkəzi Asiyada, Türkiyədə tarixi seriallar informasiya cəbhəsi rolunu oynayır. Hərə özünə məxsus olanı film və serial vasitəsi ilə təbliğ edir.
Bir faktı nəzərinizə çatdırım. "Möhtəşəm yüz il" seriallından sonra Türkiyədə 400 kitab yazıldı. Həmin dövr yenidən araşdırldı. Təkcə Türkiyədə yox, xarici ölkələrdə də, bizdə də Osmanlı imperiyasının tarixinə maraq oyandı. Əvvəllər sıravi bir insana Osmanlı imperiyasından sual versək, heç nə biləzdi. Amma serialdan sonra insanlarda bu dövrə aid informasiya oldu. Həm də geyimləri, adət-ənənələri geniş yayıldı".