DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə illik inflyasiya 57,68 faiz olub

Ölkənin Statistika Təşkilatı yanvar ayının inflyasiya rəqəmlərini açıqlayıb. Yanvar ayında dekabr ayına görə illik inflyasiya aşağı düşüb.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Türkiyədə yanvar ayı üçün inflyasiya göstəriciləri açıqlanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Statistika Təşkilatı (TÜİK) yanvar ayının inflyasiya rəqəmlərini açıqlayıb.
2023-cü ilin yanvar ayında istehlak qiymətləri aylıq müqayisədə 6,65 faiz, son 1 ildə isə 57,68 faiz artıb. Yanvar ayında 6,65 faizlik inflyasiya son 9 ayın ən yüksək aylıq inflyasiyası olaraq qeydə alınıb.
Dekabrda aylıq inflyasiya 1,18 faiz, illik inflyasiya isə 64,27 faiz olub.
İqtisadçılar aylıq inflyasiyanın 3,66 faiz, illik inflyasiyanın isə 53,26 faiz olacağını gözləyirdilər. Rəsmi statistika gözləntiləri xeyli üstələyib.
Son 1 ildə ən az artım 24,24 faiz ilə geyimlər və ayaqqabıda olub. Ən çox artım isə 77,22 faiz ilə səhiyyə sahəsində olub.
İstanbul Ticarət Palatasının məlumatlarına görə, yanvar ayında bir əvvəlki aya görə İstanbulda ən çox qiymət artımı 54,48 faiz ilə yaşıl soğanda, ən çox ucuzlaşma isə 11,85 faiz ilə təbii qazda olub.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir. 2022-ci ilin dekabrında illik inflyasiya 14,4 faiz olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15,6 faiz) ilə müqayisədə cəmi 1,2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19 faiz olmaqla yüksək olaraq qalır.
Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə Azərbaycanda illik inflyasiyanın 8 faiz ətrafında olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.