CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfirlikdəki terrorun qarşısını alanlarla bağlı sərəncam - "Vasif üçün bundan böyük..."

Qəhrəmanın anası Prezidentin Vasifə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdiyini bildirib.
Sputnik
BAKI, 3 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
1-ci dərəcəli "Rəşadət" ordeni ilə
Tağıyev Vasif Natiq oğlu
"Vətən uğrunda" medalı ilə
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
İmanov Mahir Kamil oğlu.
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyevin anası Təranə Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət başçısı İlham Əliyevə oğlunu təltif etdiyi üçün minnətdardır. O, bildirib ki, Vasif də prezidentin bu təltifinə sevinib.
"O çox sevinib ki, prezidentimiz onu məhz "Rəşadət" ordeni ilə təltif edib. Vasif üçün bundan böyük mükafat ola bilməz", - deyə Təranə Tağıyeva bildirib.
Anası Vasifin səhhətinin orta olduğunu, hələki çənəsinə qoyulan tikişə görə, onunla danışa bilmədiyini ancaq telefonla mesaj yazdığını söyləyib:

"Vasif çənəsindən aldığı yaraya görə danışa bilmir. Nə sözü olsa, ya kağıza yazır, yaxud da mesajla bildirir. Mənə mesaj yazdı ki, prezidentin onu mükafatlandırdığına çox sevinib. Buna görə cənab prezidentə təşəkkür edir".

T.Ağayeva oğlunun 10-12 günə xəstəxanadan evə buraxılacağını söyləyib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.