BAKI, 3 fevral — Sputnik. İki gün əvvəl Zaqatala rayonunda 17 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib. Ötən ilin sonunda da dəm qazından ölüm halları baş verib.
İctimaiyyət arasında belə bir fikir var ki, zəhərlənmə halları qazın keyfiyyətinin aşağı olması ilə bağlıdır. Bu iddia nə dərəcədə doğrudur? Ümumiyyətlə, qazdan zəhərlənmə və ölümə səbəb olan əsas amil nədir?
"Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dəm qazının əmələ gəlməsi birbaşa qazın tərkibi ilə bağlı deyil. Onun sözlərinə görə, "Azəriqaz” İstehsalat Birliyinin əhaliyə verdiyi təbii qaz mütəmadi olaraq aidiyyəti laboratoriyalarda yoxlanılır, dövlət standartlarının tələblərinə görə uyğunluqla əlaqədar sertifikat tətbiq olunur.
"Bu gün Bakı şəhəri və regionlar üzrə təbii qaz bir mənbədən verilir. Yəni, təbii qazın tərkibində problem olsaydı, bir evdə dəm qazından boğulma varsa, digər evlərdə də bu təkrarlanardı. Bu amil özü bir daha sübut edir ki, texniki qaydaların pozulması belə arzuolunmaz hallara səbəb olur”.
Behbudov bildirir ki, yanma prosesi pozularsa, dəm qazının yaranması qaçılmaz olur:
“Dəm qazı xüsusən də oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Çünki təbii qazın yanması üçün oksigen, hava lazımdır. Bundan başqa, digər texniki şərtlərin pozulması zamanı, məsələn tüstü bacasının düzgün quraşdırılmaması, yaxud da bu bacanın havanı normal çəkə bilməməsi, içəridə havalandırmanın normal olmaması, cihazlardakı nasazlıqla əlaqədar olaraq yanma prosesi pozula və dəm qazı yarana bilər”.
Rəisin sözlərinə görə, tüstü bacaları standartlara uyğun quraşdırılmalıdır. Xüsusən də Bakıdakı fərdi evlərdə tüstü bacaları kustar üsulla quraşdırılır. Heç bir izolyasiya tədbiri görülmür, hündürlük və digər ölçülər gözlənilmir. Yüksək mərtəbəli binalarda isə tüstü bacalarının vaxtında təmizlənməməsi, bacaların konstruksiyasına edilən dəyişikliklər dəm qazının yaranmasına səbəb olur.
Qurum rəsmisi onu da əlavə edir ki, ölkə üzrə abonentlərin sayı artsa da, illər üzrə dəm qazından zəhərlənmə və ölümlə bağlı rəqəmlər aşağı düşüb:
“2011-ci ildən Bakı və Abşeron yarımadası üzrə abonent sayı 762 min olub, hazırda bu rəqəm 1 milyon 270 mini keçib. Həmin dövrdə 1000-ə yaxın hadisə baş vermişdi, 2022-ci ildə bu rəqəmlər təxminən 4 dəfəyədək azalıb. 2011-ci ildə Bakıda 63, 2022-ci ildə isə 6 ölüm hadisəsi qeydə alınıb. Regionlar üzrə də eyni mənzərə müşahidə olunur. Belə ki, 2011-ci ildə regionlar üzrə 600 min, hazırda isə 1 milyon 239 mindən artıq abonent var. 2011-ci ildə regionlarda 20, 2022-ci ildə 5 ölüm hadisəsi qeydə alınıb. 2017-ci ildə Bakı və Abşeron yarımadası üzrə təxminən 100 min abonent var idisə, hazırda bu rəqəm artıb. O vaxtı 550-yə yaxın dəm qazından zəhərlənmə qeydə alınıb, ötən il bu rəqəm 282 olub”.
“Azəriqaz” İB abonentləri uzun müddət yaşayış olmayan mənzillərdə qaz cihazından istifadə edərkən ehtiyyatlı olmağa çağırıb. Qurum bildirir ki, belə mənzillərdə qaz cihazından istifadə etməzdən öncə "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilməlidir.
Bəs ölkəyə gətirilib satılan, yaxud əldə qayırılan qaz cihazları standartlara cavab verirmi?
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsas problemlərdən biri qaz sobalarının İrandan gətirilməsidir:
“Partlayışların baş verməsində əsas amil qaz cihazları, ikinci amil isə onunla davranışdır. Qaz cihazları ilə bağlı əsas problem odur ki, bunlar İrandan gətirilir. Bu sobalar İrandakı qaz təzyiqinə, parametrlərə uyğun hazırlanır. Lakin ölkəmizə gətirildikdə buradakı qazın təzyiqinə uyğun olmur. İstehlakçılar təsadüfi adamları çağırır. Bu təsadüfi adamlar sobadakı xüsusi dəliyi genişləndirirlər”.
E.Hüseynovun fikrincə, vəziyyətin bu həddə çatmasının əsas səbəbi Nazirlər Kabinetinin 343 saylı qərarının 19 may 2021-ci ildə ləğv olunmasıdır. Bu qərarda təhlükəsizliyi təmin olunan malların siyahısı var idi. Bir sıra mallar, o cümlədən də qaz cihazları ölkəyə daxil olmadan öncə sertifikatlaşmalı, yoxlanılmalıdır. Lakin bu qərarın kökündən ləğvi onu göstərir ki, ölkədə istehlakçı hüquqları tamamilə arxa plana keçib.
Ekspert bildirib ki, hazırda bu cihazlar ölkəyə gətirilərkən heç bir ekspertiza, yoxlama baş vermir.
Fövqəladə Hallar Nazirliyi isə hər zaman bildirir ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsin:
“Elektrik şəbəkəsini həddindən artıq yükləməyin, işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin, mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın, mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın".