TƏHSİL

Bu şəxslərə elmi dərəcə verilməyib

Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.
Sputnik
BAKI, 3 fev — Sputnik. Bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Həmin müddətdə 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.
Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.
Məlumat üçün bildirək ki, Ali Attestasiya Komissiyası Azərbaycan Prezidentinin 1992-ci il 23 aprel tarixli Fərmanı ilə Nazirlər Kabinetinin yanında yaradılıb, sonradan Dövlət Elm və Texnika Komitəsinin tabeliyinə verilib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü il 6 yanvar tarixli Fərmanı ilə Ali Attestasiya Komissiyası Dövlət Elm və Texnika Komitəsinin tərkibindən çıxarılaraq Azərbaycan Prezidentinin tabeliyinə verilib və Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılıb.
Ali Attestasiya Komissiyası respublikada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elm, texnika, təhsil, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.