CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlara avtobus biletlərinin qiyməti bahalaşdı

Bakı-Şəki reysi üzrə bilet qiyməti 8 manat 72 qəpikdən 10 manat 60 qəpiyə qalxıb.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Bakıda şəhərlərarası və rayonlararası daşımalarda qiymətlər qalxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərlərarası və rayonlararası avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin tariflərini açıqlayıb.
Yeni tariflərdən də görünür ki, qiymətlərdə bahalaşma var. Bakı-Şəki reysi üzrə bilet qiyməti 8 manat 72 qəpikdən 10 manat 60 qəpiyə qalxıb. Digər istiqamətlər üzrə də bilet qiymətləri artıb.
Bəs görəsən, ictimai nəqliyyatda gediş haqqının artımından sonra şəhərlərarası və rayonlararası daşımalarda avtobus parkının yenilənməsi, xidmət səviyyəsinin yüksəldilməsi üçün daşıyıcılara tapşırıq verilibmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, şəhərlərarası və rayonlararası daşımalarda istifadə olunan avtobuslar daşıyıcılara məxsusdur. Avtobus parkının saxlanması və təmir xidməti xərclərində kəskin artım daşıyıcıların maliyyə vəziyyətini də ağırlaşdırır:
"Ötən günkü tarif dəyişikliyinin əsas məqsədi nəqliyyat sektorunda keyfiyyətli xidmət tələb etmək üçün bu sahədəki iqtisadi rentabelliyi təmin etmək və daşıyıcı şirkətlərin gəlirləri ilə xərcləri arasında düzgün proporsiyanın formalaşdırılması istiqamətində görülməsi nəzərdə tutulan işləri stimullaşdırmaqdır. Bu tarif daşıyıcılara mövcud avtobusları istismara saz vəziyyətdə saxlamağa və əsaslı təmirə imkan yaradacaq. AYNA tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla mütəmadi şəkildə keçirilən görüşlərdə də sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunur və təkliflər dinlənilir. Görüşlər zamanı sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılır".
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı qaldırılıb. Şura gediş haqqını 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifini 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddini şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat civarında təsdiqləyib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Bu qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minəcək.
CƏMİYYƏT
Tarif Şurası metro və marşrut avtobuslarında gediş haqqını qaldırdı