BAKI, 2 fevral — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Almatıda Ermənistanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, həmçinin illik Rəqəmsal Almatı forumunun işində iştirak edəcək.
İşgüzar səfər fevralın 3-də başa çatacaq.
Ənənəvi olaraq dar və geniş tərkibdə keçiriləcək Hökumətlərarası Şuranın iclasının gündəliyi ticarət-iqtisadi əməkdaşlıq, texniki tənzimləmə, Aİİ inteqrasiya olunmuş informasiya sistemi və digər aktual məsələlərin geniş spektrini əhatə edir.
Fevralın 3-də Aİİ ölkələrinin baş nazirləri illik Rəqəmsal Almatı forumunun plenar iclasında iştirak edəcəklər. Ənənəvi olaraq forumda tanınmış siyasi və ictimai xadimlərin, iri rəqəmsal şirkətlərin rəhbərlərinin, İT biznes liderlərinin və rəqəmsal sənaye ekspertlərinin iştirakı gözlənilir.
Avrasiya İqtisadi İttifaqı Gömrük İttifaqı və Vahid İqtisadi Məkan əsasında yaradılmış və 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq iqtisadi inteqrasiya birliyidir. İndi Aİİ üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.