BAKI, 2 fevral — Sputnik. Ötən il Rusiyadan xaricə ərzaq tədarükü 2021-ci illə müqayisədə, təxminən, 12% artıb.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin "Telegram" kanalında yaydığı məlumatda belə deyilir.
Məlumatda xarici bazarlara 70 milyon tondan çox məhsulun göndərildiyi deyilir.
Nazirlikdən verilən məlumata görə, yerli kənd təsərrüfatı məhsulları 150 ölkəyə tədarük edilir. 2022-ci ildə tədarükləri, təxminən, 1,46 milyard dollar təşkil edən 3000-dən çox yeni regional "məhsul - ölkə" cütü meydana çıxıb.
Əlavə edək ki, yanvarın 1-dən heyvandarlar mal-qaranın bəslənməsi və sonrakı məhsul istehsalı ilə bağlı xərclərin bir hissəsini ödəmək imkanını əldə ediblər.
Ailə təsərrüfatlarının və kənd təsərrüfatı kooperativlərinin istehsalının inkişafından ötrü dövlət qrantı alanlar üçün belə dəstəyin verilməsi şərtləri yumşaldılacaq. Alınan qrantın hər 10 milyon rubluna bir işçi tutulmalıdır. Xatırladaq ki, əvvəllər bu məbləğ 3 milyon rubl idi.