CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Bəxtiyar Hacıyevlə görüşüb

Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.
Ombudsman Aparatından Sputnik Azərbaycan-a verilən xəbərə görə, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun və BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokolunun tələbləri əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında keçirilmiş başçəkmələrdə də məqsəd saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması olub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilmiş başçəkmələr zamanı yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyev də fərdi qaydada qəbul edilib. Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib.
Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.
Qeyd olunmalıdır ki, Bəxtiyar Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.
Xatırladaq ki, dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.