BAKI, 2 fevral — Sputnik. Qərb ölkələri heç bir sübut təqdim etmədən terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlayaraq Türkiyəyə qarşı "psixoloji müharibə" aparırlar. Bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu bildirib.
"ABŞ və Qərb bizim müstəqil və azad olmağımızı istəmir. Onlar 60 milyon turist qəbul etməyi planlaşdırdığımızı və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün bu psixoloji müharibəyə başladılar", - nazir deyib.
Soylu əlavə edib ki, terror aktları ehtimalını açıq şəkildə bəyan edən və bu cür hadisələrin baş verə biləcəyi yerləri açıqlayan ölkələrin heç biri Türkiyənin heç bir təhlükəsizlik qurumu ilə əlaqə saxlamayıb.
Qeyd edək ki, fevralın 1-də Böyük Britaniya, Niderland və Almaniya Türkiyənin İstanbul şəhərində terror təhlükəsini əsas göstərərək bu şəhərdəki baş konsulluqlarını bağlayıb.