BAKI, 2 fevral — Sputnik. Dünən Tarif Şurasının qərarı ilə Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqını qaldırdı. Şura gediş haqqını 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat civarında təsdiqlədi. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olundu. Bu qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minəcək.
Gediş haqqı artır, bəs xidmət niyə yüksəlmir?
İctimai nəqliyyatda xidmətin acınacaqlı vəziyyətdə olduğu bir vaxtda Tarif Şurasının gediş haqqını bahalaşdırması cəmiyyətdə ciddi narazılığa səbəb olub. Sərnişinlər avtobusda, metroda basabasda gedib-gəldiklərini, sərnişindaşımada gediş haqqının artırılmasının ictimai nəqliyyatda xidmətin səviyyəsinə təsir etmədiyindən şikayətlənirlər.
Bayıl qəsəbə sakini Amil Hacıyev Sputnik Azərbaycan-a bildirib ki, Bayıl-Batamdar istiqamətində sərnişin daşıyan 53 saylı avtobus istismar müddətini çoxdan başa vursa da, hələ də xətdən çıxardılmayıb. O, bir neçə dəfə 53 saylı avtobusda təkər partladığından yolda qaldığını bildirdi.
Masazır qəsəbə sakini Gülnar Səfərova isə 142 saylı avtobusun vəziyyətinin acınacaqlı olduğunu bildirib. O, illərdir ki, sınıq-salxaq avtobusda gedib-gəldiklərini bildirir. Həmsöhbətimiz deyir ki, dəfələrlə xətt sahibi yollar təmir olunduqdan sonra avtobusların yenilənəcəyini söyləsə də, bu vədinə əməl etmir.
Sərnişinləri ən çox narahat edən digər məqam isə xətlərdə avtobus çatışmazlığıdır. Onlar avtobusların sayı az olduğundan bəzən yarım saatdan çox dayanacaqda gözləməli olduqlarını söyləyirlər. Bu isə avtobusda, metroda sərnişin sıxlığının artmasına səbəb olur.
Bəs görəsən ictimai nəqliyyatda qiymət artımı xidmətin keyfiyyətinə necə təsir edəcək?
Daşıyıcılar son qiymət artımından narazıdır
"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gediş haqqının az da olsa artması onların xərclərini azaldacaq. Amma A. Rüstəmov avtobusların ehtiyyat hissələrinin xaricdən alındığını, xarici ölkələrdə bahalaşdığını söyləyib. Onun sözlərinə görə, yeni qiymət artımı avtobusların ehtiyyat hissələrinin alınmasına kifayət etməyəcək .
"Avro 5-Avro 6 standartlarına cavab verən avtobusların qiyməti həddindən artıq bahadır. Hazırki gediş haqqı ilə avtobazanı yeniləmək çətindir. Bu, son qiymət artımı ilə tənzimlənə bilməz. Cüzi qiymət artımı sadəcə digər kiçik xərcləri qarşılamağa imkan verəcək"deyə direktor müavini bildirib.
A. Rüstəmov bildirib ki, əgər gediş haqqı 50 qəpik olsaydı istehsalat bazasının yenilənməsinə imkan yaranardı: " Çünki, şərt avtobusların yenilənməsi deyil. Yeni model avtobusların təmiri üçün elektron sistemli texnoloji avadanlıqlar alınmalıdır. İstehsalat bazasında olan avadanlıqlarla yeni model avtobusları təmir etmək olmur. Yeni elektron cihazların gətirilməsi10 qəpik artımla mümkün deyil".
Bununla belə, daşıyıcı bildirib ki, mümkün qədər xidmət keyfiyyətini yüksəltməyə çalışacaqlar.
"Amma biz yenə çalışacağıq sərnişindaşıma xidmətini yüksəldək" deyə "General Avto Company" firmasının direktor müavini bildirib.
Xərci-borcunu ödəmir
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında gediş haqqının artırılmasının hər hansı yaxşı nəticəsi olmayacağını bildirib. Ekspert söyləyib ki, bu artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək. Onun fikrincə, daşıyıcılar arzuladıqları maliyyə qaynağını ala bilməyiblər:
"Sahənin iqtisadiyyatını araşdıranlar, daşımaların maya dəyərini hesablayanlar birmənalı olaraq vurğulayırlar ki, istər metroda, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gediş haqqından da çoxdur. Belə olan halda yeganə gəlir mənbəyi həmin gediş haqları olan daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcəklər, zərələ işləyəcəklər, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar. Məsələn, yenə də avtobusların hamısı xəttə çıxa bilməyəcək, intervallar artacaq, pik saatlarından kənar vaxtlarda küçələrdə avtobus tapılmayacaq, sınıq-salxaq avtobuslar istismarda qalacaq və s. Nəticədə ictimai nəqliyyat xidmətinin keyfiyyəti aşağı düşəcək".
Sərnişindaşımada vəziyyət daha da pisləşəcək?
Həmsöhbətimiz bildirir ki, ictimai nəqliyyatın gəlirləri nəinki bu xidməti günün tələbi səviyyəsində saxlamağa, həm də onun yaxşılaşdırılması və inkişafı üçün maliyyə qaynağı olmalıdır. Onun sözlərinə görə, bu artımdan sonrakı gediş haqları hətta indiki cari xərcləri qarşılamayacaqsa, deməli, hər hansı inkişaf barədə düşünmək belə yersizdir: "Bu isə o deməkdir ki, ictimai nəqliyyat sahəsi nəinki inkişaf etməyəcək, hətta əksinə çökməkdə davam edəcək. Axı avtobus parkı hər keçən gün bir az da köhnəlir, texniki qulluq xərci bir az da artır və s".
Ə. Hüseynov bildirdi ki, hökumətin ictimai nəqliyyatın iqtisadi vəziyyətini "yaxşılaşdırmağa" yönələn bu addımı uzun illərdir bu sahənin inkişafı ilə bağlı yanlış dövlət siyasətini bir daha bariz şəkildə təsdiq etdi: "Bu artım ictimai nəqliyyat sektoru üçün təxminən belə ifadə edilə bilər: "Alın, sizə daha 10 qəpik veririk, gedin bir təhər başınızı girələyin". Amma bu sahə baş girələnəcək yer deyil, cəmiyyətin həyatının bütün sahələrinə ciddi təsir edən, insanların həyat keyfiyyətini müəyyən edən bir sahədir.
Dəfələrlə vurğuladığımız kimi, yollarımızdakı tixac problemi, bu səbəbdən insanların itirdiyi vaxt, bunun sağlamlığımıza, əmək qabiliyyətimizə, işgüzarlıq səviyyəmizə, elementar qarşılıqlı münasibətimizə təsiri və s. diqqətdən kənarda qala bilməz. Həmin problemin əsaslı həlli ilk növbədə ictimai nəqliyyatın inkişafından keçir. Hökumətin bu qərarı isə ictimai nəqliyyat xidmətlərinə hələ də tarifləri dövlət tərəfindən tənzimlənən bir biznes kimi baxıldığını təsdiqləyir. Bu yanlış yoldan dönməli, ictimai nəqliyyatın biznes tərəfi kənara qoyulmalı, ona çox vacib sosial xidmət kimi baxılmalıdır".
Keyfiyyət gözləmək yersizdir
Bu səbəblərdən Ə. Hüsyenov bu artımdan sonra da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinın qalxmasını gözləməyin yersiz olduğu qənaətində olduğunu söylədi. Onun fikrincə, xidmət keyfiyyətinin ən yaxşı halda indiki kimi qalacağı təqdirdə artan gediş haqları əhalinin ictimai nəqliyyatdan uzaqlaşmasını stimullaşdıracaq: "Təbii ki, belə olanada taksilərdən və fərdi avtomobillərdən istifadə artaqcaq. Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha intensiv xarakter alması deməkdir. Yadınızdadırsa, 2022-ci ilin may ayından proqnozlaşdırırdıq ki, sentyabrdan Bakıda tıxaclar artacaq. Təəssüf ki, belə də oldu. İndi də proqnozlaşdırmaq olar ki, ictimai nəqliyyatla bağlı məsələyə hökümətin yanaşması ciddi dəyişməsə, bu ilin sentyabrında ötən ilkindən daha eybəcər tıxaclara şahidlik etməyimiz realdır".
Hüquqşunas bildirir ki, gediş haqlarının indiki artımı və Tarif Şurasının fəaliyyət təcrübəsi onu deməyə əsas verir ki, hökümətin ictimai nəqliyyatın iqtisadi vəziyyəti ilə bağlı məsələyə yenidən qayıtması haradasa 3-4 ildən sonra olacaq. Onun sözlərinə görə, əgər belə olarsa, ölkənin, xüsusən də Bakının ictimai nəqliyyatı tam çökəcək. Özəl daşıyıcılar sadəcə ifalasa uğrayaraq bu sahədən çəkiləcəklər. Yeni özəl daşıyıcıların isə indiki şərtlərlə bu sahəyə gələməsini təsəvvür etmək belə mümkün deyil.
Sərnişindaşımada tariflərin tənzimlənməsi siyasətinə son qoyulmalıdır!
Çıxış yoluna gəlincə, Ə. Hüseynov bildirdi ki, bu sahəyə dövlətin yanaşması radikal olaraq dəyişməlidir. İctimai nəqliyyatın yalnız gediş haqları hesabına maliyyələşdirilməsi yığışdırılmalı, dövlətin bu sahəyə çevik və ciddi maliyyə dəstəyi (subsidiya və ya dotasiya, yaxud başqa bir real formada) mexanizmi yaradılmlı və həyata keçirilməldir. Bu sahəyə biznes kimi baxılmamlıdır. Bu sektorda xərclənən pulun birbaşa olaraq insan inkişafına, həyat keyfiyyətinin yaxşılaşmasına xərcləndiyi dərk edilməlidir. Əks təqdirdə bu sahə çökəcək. Çökdükdən sonra isə onu ayağa qaldırıb inkişaf etdirmək daha baha başa gələcək.
Nəzarət olmasa heç nə dəyişməyəcək
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da gediş haqqının cüzi artırılmasının daşıyıcıların problemlərini həll etməyəcəyi qənaətindədir. Həmsöhbətimiz bildirdi ki, xidmətin keyfiyyətinin artması üçün aidiyyatı qurumlar güclü nəzarət mexanizmi qurmalıdırlar. E. Muradlinin sözlərinə görə, əslində gediş haqqının artırılması daşıyıcıların böhrandan çıxamsı üçün stimul olmalıdır. Ekspert deyir ki, bütün reallıqları nəzərə aldıqda bir sərnişinin daşınma xərci 60-80 qəpik civarındadır:
"Amma sərnişindaşımada tariflər dövlət tərəfindən tənzimləndiyindən, ictimai nəqliyyatda qiyməti reallığa uyğun tənzimləmək mümkün deyil. Pandemiya dövrü isə ictimai nəqliyyatın ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Hətta dövlət şirkəti olan "Bakubus"ın milyonlarla manat SOCAR-a yanacağa görə borcu yaranıb. Özəl sərnişindaşıma şirkətləri də eyni vəziyyətdədir. Daşıyıcılar ehtiyat hissələrini alıb avtobuslarını təmir etdirə bilmirlər. Bu gün daşıyıcıların istehsalat bazasında 30-40 avtobus təmirə vəsait olmadığından xəttə çıxa bilmir. Bunların nəticəsidir ki, avtobusda, metroda sərnişin sıxlığı dözülməz həddə çatıb".
E. Muradlının sözlərinə görə, dövlət tərəfindən sərnişindaşımaya dotasiyanın ayrılmaması, yardımların ancaq dövlət şirkəti olan Bakubus-a verilməsi özəl daşıma şirkətlərinin vəziyyətdən çıxmasına imkan vermir: "Bu gün daşıyıcıların yeni avtobuslar almasına maddi imkanı çatmır. Bu isə özəl sərnişindaşımanın çökdürülməsi deməkdir. Ona görə də gediş haqqının artırılması ilə fundamental dəyişikliyin olacağına ümid yoxdur".
Nazirlik də etiraf edir, amma...
Xatırladaq ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır. Onun sözlərinə görə, metro fəaliyyəti ilə bağlı daha yüksək rəqəmlər səsləndirilir: "Dəmir yolu vasitəsilə sərnişin daşımada isə maya dəyəri təqribən faktiki qiymətdən çoxdur. Bu ümumi bir problemdir. Faktiki olaraq metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən dövlət tərəfindən subsidiyalaşdırılır".
O vurğulayıb ki, avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcıların marağının azalmasını görürük: "Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır. Ümumiyyətlə, ölkədə 36% əhalinin nəqliyyata çıxış imkanları məhduddur. Bu, bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təbəqəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq".
Məlumat üçün yada salaq ki,ötən il Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
"İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81%-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk", - deyə sərnişindaşıma şirkətlərinin müraciətində bildirilirdi.