TƏHSİL

Buraxılış imtahanlarını nə vaxt kompüterlə keçirmək mümkün olacaq? Rəsmi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bunun üçün hələ beş il gözləmək lazım gələcək.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Məleykə Abbaszadə bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini deyib:
"Siz bilirsiniz ki, bizdə müəyyən imtahanlar kompüter əsasında aparılır. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Bundan sonra ardıcıllıqla digər kütləvi imtahanları da kompüter əsasında keçirəcəyik. Buraxılış imtahanları isə çox kütləvi imtahandır. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq".
Qeyd edək ki, 2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib.