PAYTAXT XƏBƏRLƏRİ

Bakıda narkotikə görə 46 nəfər saxlanıldı

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla aldıqlarını bildiriblər.
Sputnik
BAKI, 2 fevral — Sputnik. Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, ötən ilin 10 ayı ərzində Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb.
Bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, həmin faktlardan 3181-i narkotik vasitələrin qanunsuz satışı, 5902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.