NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yeni qaz kəməri Azərbaycandan qaz almağa imkan verəcək - Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Bolqarıstanla birləşdirici konnektor digər mənbələrdən qaz almaq üçün vacibdir.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Serbiya və Bolqarıstan arasındakı sistemlərarası qaz kəməri sayəsində Serbiya Qərbi Balkanların digər ölkələri üçün qaz tranzit ölkəsinə çevriləcək. Bu barədə jurnalistlərə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
"Bilirsiniz ki, biz il yarım əvvəl 402 km uzunluğunda mərkəzi qaz kəmərimizi tikmişik, lakin əlavə qaza ehtiyacımız var, ona görə də Bolqarıstanla birləşdirici konnektor digər mənbələrdən qaz almaq üçün vacibdir. Serbiya, Avropanın əhəmiyyətli bir hissəsindən fərqli olaraq, sənayesizləşmə deyil, yenidən sənayeləşir və bizə daha çox qaz lazım olacaq. Bu qaz kəməri vasitəsilə ildə 1,8 milyard kubmetr qaz Serbiyaya keçə biləcək və bu, ikitərəflidir. Beləliklə, biz Qərbi Balkanlardakı digər ölkələri də qaz kəmərinin özümüzə aid hissəsi ilə təmin edə biləcəyik, Bolqarıstan bizim üçün olduğu kimi onlar üçün də tranzit ölkəyə çevriləcək. Yeni qaz kəməri Serbiyanı Bolqarıstan, Yunanıstan və digər Aİ ölkələri ilə birləşdirəcək və Azərbaycandan qaz almağa imkan verəcək", - Vuçiç qeyd edib.
2022-ci il fevralın 1-də Bolqarıstan və Serbiya arasında qaz konnektorunun tikintisinə başlanılması mərasimi keçirilib. Serbiyanın Baş naziri Ana Brnabiç mərasimdə deyib ki, bu, ölkəyə Yunanıstandan, Azərbaycandan və istənilən digər mənbələrdən maye qazı qəbul etməyə imkan verəcək. Bolqarıstan və Serbiya arasında qaz konnektorunun 2023-cü ilin oktyabrınadək hazır olacağı gözlənilir. Layihənin ümumi dəyəri 85,5 milyon avro təşkil edir ki, bunun da 25 milyonu Avropa İnvestisiya Bankının krediti, 49,6 milyonu Aİ fondlarından geri qaytarılmayan yardım, 10,3 milyon avrosu Serbiya büdcəsindən ayrılıb və 600 min avrosu Serbiyagaz tərəfindən təmin olunub. İnterkonnektorun gücü ildə 1,8 milyard kubmetr təşkil edəcək.