BAKI, 1 fevral — Sputnik. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" təklif edilən dəyişiklikdə əksini tapıb.
Komitə sədri Tahir Mirkişili "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəddə sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il müddətinə - 2024-cü il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Qeyd edək ki, qanunun 2-ci maddəsində nəzərdə tutulan yoxlamalar (vergi, gömrük, maliyyə bazarları, özəl tibb fəaliyyəti, dərman vasitələrinin və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarına müdaxiləsi və sayğacdankənar şəbəkəyə qanunsuz qoşulması ilə bağlı, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarət, həmçinin Azərbaycan Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan yoxlamalar) istisna olmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb.
Qanun layihəsi həmin müddətin daha bir il müddətinə (2024-cü il yanvarın 1-dək) uzadılmasını nəzərdə tutur.
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.
"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir", - deyə o qeyd edib.
Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.