RUSİYA

Rusiyada neftin qiymətinin tavanına cavab tədbirləri qüvvəyə minir

Rusiya Qərbin diktə etdiyi qiymətlərlə neft tədarük etməyəcək.
Sputnik
BAKI, 1 fevral — Sputnik. Fevralın 1-dən Rusiyada Qərb ölkələrinin müəyyən etdiyi neftin qiymətinin tavanına qarşı cavab tədbirləri qüvvəyə minib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanı hüquqi informasiya portalında dərc olunub.
Sənədə əsasən, müqavilələrdə "birbaşa və ya dolayısı ilə qiymət həddi mexanizminin tətbiqi nəzərdə tutulursa", o halda Rusiya şirkətlərinə neft və neft məhsullarını xarici alıcılara tədarük etmək qadağandır.
Neft tədarükünə qoyulan qadağa iyulun 1-dək qüvvədə olacaq. Neft məhsulları ilə bağlı analoji tədbirlərin müddəti hökumət tərəfindən müəyyən ediləcək.
İxracatçı şirkətlər monitorinq aparacaq və bağlanmış müqavilələrə dair məlumatı gömrük orqanına təqdim edəcəklər. Əgər həmin müqavilələrdə qiymət limiti nəzərdə tutularsa, o zaman Avrasiya İqtisadi İttifaqı ölkələrinə yanacağın dəmir yolu və boru kəmərləri ilə daşınması qadağan olunacaq.
Eyni zamanda, dövlət başçısının xüsusi qərarı əsasında istisnalar mümkündür. Fərmanın icrasına nəzarət Rusiya Federasiyasının Energetika Nazirliyinə həvalə edilib.
Xatırladaq ki, dekabrda G7 ölkələri, Aİ, Avstraliya və Norveç Rusiyadan neftin qiymətinin bir barel üçün 60 dollar səviyyəsində həddi müəyyən edilməsi ilə bağlı konsensus əldə ediblər.
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya Qərbin diktə etdiyi qiymətlərlə neft tədarük etməyəcək. Nazirin sözlərinə görə, satış Rusiya tədarükçülərinin qiymətlərin yuxarı həddi tətbiq etməyən ölkələrlə bağladığı müqavilələr əsasında həyata keçiriləcək.
İqtisadçı ekspert Natiq Cəfərli təklif edib ki, Rusiya hakimiyyətinin sanksiyalara qoşulan və qiymət tavanının tətbiqini dəstəkləyən ölkələrə neft satışına nəzarəti gücləndirməsi həmin ölkələrdə çox hiss olunacaq. Ekspertin fikrincə, eyni zamanda, Rusiya Federasiyası qiymət tavanının tətbiqindən sonra heç nə itirmir.