BAKI, 1 fevral — Sputnik. Son illərdə ekranlaşdırılan kommersiya məqsədli komediya filmlərində, eləcə də seriallarda vulqarizmdən (Ədəbi dil normalarına zidd olan qeyri-ədəbi söz və ya ifadə) və varvarizmdən (Bir dilin formalarına xas olmayan və həmin dilin təmizliyini pozan xarici söz, ya ifadə) çox istifadə olunur. Bu da bəzən tamaşaçıda qıcıq yaradır. Rejissorlar isə bu fikirlə razılaşmırlar.
Ötən il ölkədə ən çox kassa yığmış "Zəhər tuluğu" filmində səslənən müəyyən vulqar ifadələr bəzi izləyicilər tərəfindən tənqid atəşinə tutulmuşdu. Filmin rejissoru Taleh Yüzbəyovun fikrincə, filmdə dava, mübahisə kimi səhnələrdə vulqar sözlərin işlənməsi qaçılmazdır: “Biz onları qəsdən yığışdırsaq, süni səhnələr alınacaqdı. Demirəm ki, personajların hər biri söyüş söysün. Düşünmürəm ki, bizim filmdə vulqar sözlər çox işlənib. Ər arvadını qaçıran kişini tutursa, onu söyəcək də. Biz hələ onu daha sadə etmişik. Mən tənqidləri qəbul edirəm. Kinodan anlayışı olan insanlar rejissor işində, operator işində, aktyor işində hər hansısa bir nöqsanı deyirlərsə, mən bunu qəbul edirəm. Amma durub “niyə qadına “fahişə” dedi” kimi sözləri qəbul eləmirəm”.
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
© Sputnik / Murad Orujov
Son illər çəkdiyi filmləri ilə məşhurlaşan Emil Quliyev də mövzu ilə bağlı fikirlərini bildirib. Rejissorun müəllifi olduğu, son günlər ən çox izlənən seriallardan olan "Əqrəb mövsümü"nün qəhrəmanlarının bəzisi danışıqlarında əsasən rus sözlərindən istifadə edirlər. Emil Quliyev bildirir ki, bu reallıqdır: "Biz adi həyatda da “okey”, “arkadaş”, “tamam”, “uje”, “daje”, “kstati”, “neujeli” sözlərini istifadə edirik. Bu sözlər artıq ümumişlək sözlərə çevrilib. Aktoyrlarımız "uje"nin yerinə "artıq" deyəndə istər-istəməz süni alınır. O sözlərdən istifadə etməyəndə də tamaşaçı deyir ki, sünidir. Məgər adi həyatda danışanda biz "artıq" sözünün əvəzinə "uje" demirik?"
Emil Quliyev
© Photo : courtesy of Emil Quliyev
Xalq artisti, dünyanın bir neçə ölkəsində filmlərə çəkilən Tariyel Qasımov yerində işlədilən vulqar ifadəni qəbul etdiyi deyir. Xalq artistinin sözlərinə görə, vaxtilə böyük sənətkarlar da ara-sıra bu cür ifadələrdən yan keçməyiblər: "Bizim görkəmli sənətkarlarımız olub - məsələn, Nəsibə Zeynalova, Seyavuş Aslan, Yaşar Nuri və s. - onlar da hərdən belə sözləri işlədirdilər. Yəni, yeri gələndə o ifadələrdən işlətmək olar. Amma ifrata varanda çox pis olur. Hər şey əndazəsindən çıxanda eybəcərləşir. Biz insanlar susuz yaşaya bilməsək də, suyu da lazımından artıq içmək zərər verir. Yerində işlətmək olar. Vulqar sözün səslənməsi zəruridirsə, onu müəyyən mənada demək olar. Yoxsa, gülüş naminə işlətmək lazım deyil. Bizim mentalitet, adət-ənənə var. Başqa xalqlara, ölkələrə özümüzün mədəni, intellektual yönümüzü göstərməliyik. Biz elə insanlar deyilik ki, ağzımız söyüşlə açılıb, söyüşlə yumulsun”.
Vulqarizm və varvarizmdən istifadə dünya filmlərində
Kinoşünas Aygün Aslan bildirir ki, vulqarizm və varvarizmdən istifadə dünya filmlərində də var. Dünya filmlərində də qəhrəman sevmək lazımdırsa sevir, söymək lazımdırsa söyür. Bu ssenaridən, rejissordan və situasiyadan aslıdır: "Televiziyada yayımlanan seriallarında buna diqqət edirlər. Bu mövzu son vaxtlar məşhur olan "Əqrəb mövsümü" serialından sonra aktuallaşdı. Həmin serialda situasiya bunu tələb edir. Serialın qəhrəmanları polislərdir. Amma oradakı personajlar var ki, onlar söyüş söymür. Bu o deməkdir ki, personajların cəmiyyətdə tutduğu yer, onların düşdüyü situasiya onu tələb edir, onlar da vulqar cümlələri işlədirlər. O söyüşlər efirə getmir. Yalnız platformalarda açıq qoyulur. Bu da normaldır".
Aygün Aslan
© Sputnik / Shahperi Abbasova
Varvarizmə gəldikdə isə kinoşünas bildirir ki, ədəbi dildə danışmaq, ədəbi dilin normalarına riayət etmək çox gözəldir. Amma bu o demək deyil ki, filmin qəhrəmanı mütləq ədəbi dilin normalarına riayət etməldir. Kinoşünasın sözlərinə görə, hər şey filmin qəhrəmanının yaşadığı sitausiya və mühitlə bağlıdır: "Əgər filmimizin qəhrəmanı orta təbəqədəndirsə, intelektual səviyyəsi aşağıdırsa, biz ondan ədəbi danışıq tələb edə bilmərik. Məsələn, rus ədəbiyyatının ən məşhur yazarları Dostoyevskinin, Puşkinin qəhrəmanları fransız sözləri işlədirlər. Bu ona görədir ki, həmin dönəmdə Rusiyada insanlar rus dilində deyil, fransızca danışığa üstünlük verirdilər. Ona görə də həmin ədiblərin əsərlərinin qəhrəmanlarının dilində 2 cümlə rusca olanda, 5 cümlə fransızca olub".