BAKI, 1 fevral — Sputnik. Valideynlərin hər ikisi şəkərli diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəlik ola bilər. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
O bildirib ki, bu amil diabet xəstəliyinin genetik faktorlu olmasından qaynaqlanır. Ən çox rast gəlinən növ - 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tib diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır”, - o vurğulayıb.
“Son illərdə uşaqlarda ikinci tip diabet xəstəliyi artmaqdadır”, - həkim deyib.
A.Əkbərzadə bildirib ki, birinci tip diabetdə ifrat sidiyə getmə, hədsiz su içmə, çox qida qəbulu və buna baxmayaraq halsızlıq, yorğunluq əlamətləri olur: "Sonrakı mərhələdə ağızdan pis qoxunun gəlməsi kimi əlamətlər kəskinləşir. İkinci tip diabetdə əlamətlər gec ortaya çıxır. Bu uşaqlar hədsiz çəkidən əziyyət çəkirlər. Əsəbilik, halsızlıq, ağızqurusu kimi əlamətlər də zamanla özünü göstərir".