BAKI, 1 fevral — Sputnik. Bir neçə gün öncə ÜST-ün trans yağlarla bağlı açıqladığı hesabat ölkədə rezonans doğurub. Hesabatda qeyd olunurdu ki, hazırda 16 ölkədən 9-da koronar ürək xəstəliyi riski daha böyükdür, bu ölkələrdə trans yağlarla bağlı yaxşı təcübə, siyasət yoxdur. Azərbaycanın da doqquz ölkədən biri olması müzakirələrə səbəb olub.
Ölkəmizdə bu vəziyyətlə necə mübarizə aparmaq olar? Trans yağları necə müəyyənləşdirmək üçün müvafiq laboratoriyalarımız varmı?
Sputnik Azərbaycan-ın multimediya şöbəsinin qonaqları olan ekspertlər - “Refresh Group” MMC-nin Qiymətləndirmə və Konsaltinq Departamentinin rəhbəri, qida üzrə müttəxəssis Seymur Qafarov, qida texnoloqu Ağa Salamov, iqtisadçı-ekspert Natiq Cəfərli, invaziv kardioloq İlqar Tahiroğlu mövzunu müzakirə ediblər.
A. Salamov bildirir ki, AQTA-nın bu sahədə Dövlət Gömrük Komitəsi ilə birgə əməkdaşlığı var. Ölkəyə gətirilən yağlar analiz olunsa da, müəyyən suallar ortaya çıxır:
"Təkcə Rusiyadan gətirilən, sarı rəngdə paketlənən yağlar var ki, üzərində "82 faiz" yazılıb, qiyməti də 3 manat 50 qəpikdir. Bu, necə təmiz yağ ola bilər? Həm də maraqlıdır, "82 faiz" yazıldıqda burada nə nəzədə tutulur: kərə yağı, yoxsa trans yağlar? Kərə yağının istehsalı üçün 20-25 faizlik yağa ehtiyac var. Bir məhsulun ərsəyə gəlməsi üçün çəkilən bütün xərclərə baxdıqda əsl kərə yağı heç vaxt 3 manat 50 qəpiyə satıla bilməz".
"Piştaxtalarda kifayət qədər marqarin yağı satılır, baxın, təmiz kərə yağından bişirilən şirniyyat necə 1 manat 50 qəpik ola bilər? Düşünürəm ki, ölkədə monitorinqlər aparılmalıdır və faiz nisbəti hesablanmalıdır ki, Azərbaycanda neçə faiz trans yağ var. Lakin öz təxminlərimə əsasən deyə bilərəm ki, ölkədə trans yağlar həddindən artıq çoxdur", - deyə o, əlavə edib.
A.Salamov isə bildirir ki, ümumiyyətlə, alınan məhsulun trans yağ olub-olmadığını müəyənləşdirmək üçün heç laboratoriyaya ehtiyac yoxdur: "Bunu ev temperaturunda da rahatlıqla müəyyənləşdirə bilərik. Normal ev temperaturunda olan bir suyun içinə yağ atdıqda o toparlanıb səthdə qalırsa, demək ki, trans yağdır".
Trans yağların satışı ilə necə mübarizə aparılmalıdır?
S.Qafarov bildirir ki, trans yağların aradan qaldırılması üçün yaxşı təcrübə siyasəti ÜST tərəfindən müəyyən edilmiş müəyyən meyarlara cavab verir və sənaye üsulu ilə istehsal edilən trans yağları bütün şəraitlərdə məhdudlaşdırır:
"İki siyasət alternativi var: bütün qidalarda ümumi yağın 100 qramı üçün sənaye üsulu ilə istehsal edilən 2 qram trans yağın məcburi milli həddi; bütün qidaların tərkib hissəsi kimi qismən hidrogenləşdirilmiş yağların (trans yağların əsas mənbəyi) istehsalına və ya istifadəsinə məcburi milli qadağa".
Qafarov hesab edir ki, bundan başqa, trans yağlarla mübarizə üçün komissiya yaradılmalıdır:
"Digər ölkələrdə özəl və dövlət qurumlarının birgə səyləri nəticəsində bu problem aradan qaldırılıb. Ölkədə vəziyyəti müsbətə doğru dəyişmək üçün ÜST-ün tövsiyələrinə əməl etmək lazımdır. Ən yaxşı təcrübələr, siyasətlər mənimsənilməli, monitorinqlər aparılmalı, ciddi nəzarət həyata keçirilməli, sağlam və keyfiyyətli yağ təbliğ edilməlidir. Bütün ictimai-iaşə mərkəzlərində bu faktorlara xüsusi diqqət ayrılmalıdır. Ölkədə ciddi, əhatəli şəkildə araşdırma aparılmalıdır. Düşünürəm ki, biz də bununla bağlı həyəcan təbili çalmalıyıq".
Ekspertin fikrincə, ayrı-ayrı istehsalat sahələrində çalışan işçi heyəti də maarifləndirilməlidir.
S.Qafarovun sözlərinə görə, dövlət qurumları bunadək də yağı saxtalaşdırılanlarla bağlı müəyyən addımlar atıblar: "Bu işlə məşğul olan sahibkarlıq subyektləri ciddi şəkildə cəzalandırılmalıdır. Belə sahibkara hansısa müddət, möhlət verilməməlidir, ümumiyyətlə, onların qida ilə bağlı fəaliyyəti tamamilə qadağan olunmalıdır, inzibati məsuliyyətə cəlb olunmalıdırlar".
A.Salamov bildirir ki, istehsal olunan məhsullara nəzarət gücləndilməlidir, təmiz məhsul əldə etmək üçün kənd təsərrüfatına diqqət artırılmalıdır: "Digər məqama diqqət yetirək: ÜST məlumatları açıqlayır, bu çox gözəldir. Amma bundan öncə ÜST Amazonka meşələrinin nə üçün qırılmasına da bir aydınlıq gətirməlidir, həmin ərazilərdə trans yağlar üçün mənbə hesab edilən palma ağacları əkilir. Palma yağı özü trans yağdır. ÜST mikrobu kökündən məhv etməlidir".
Trans yağlar körpələrin xəstəliklərlə doğulmasına səbəb olur
Bir sıra restoranların qida koordinatoru olan həmsöhbətimizin sözlərinə görə, bu restoranlarda maksimum səviyyədə qarğıdalı, bitki yağından istifadə edilir: "Bədənimizdəki genetik kodları aktivləşdirə və passivləşdirə bilərik. İnsan nə yeyirsə, odur. Trans yağlarla qidalanırıqsa, bu yağların genini genetikamızda aktivləşdirmiş oluruq. Bu zaman xromosonlar da təsirə məruz qalır, nəticədə körpələr ürək qüsuru, şəkər və digər xəstəliklərlə doğulur, erkən ölümlər olur".
"Düşünürəm ki, əsas mübarizə üsullarından biri maariflənmə olmalıdır. Bunun sayəsində insanlar yaxşı, pis yağı fərqləndirə bilərlər. Bundan başqa, belə məhsulların üzərində açıq şəkildə yazılmalıdır ki, bu hidrogenizə olunmuş trans yağdır", - deyə o, əlavə edib.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, tez-tez Azərbaycanda müxtəlif tanınmış şirkətlərin brendi adı altında, lakin onlara heç bir aidiyyəti olmayan, mənşəyi bəlli olmayan yağların satıldığı görülüb.
Ölkəyə gətirilən bəzi brend yağların Xırdalanda xüsusi sexlərdə tərkibinin dəyişdirildiyi də deyilir. "Həqiqətən də sexlərdə yağların tərkibi dəyişdirilirmi", - sualına cavab olaraq ekspert S.Qafarov bildirir ki, bu sual pərakəndə satış mərkəzlərində bununla bağlı monitorinqlər aparan, səlahiyyət sahibi olan qurumlara ünvanlansa, daha yaxşıdır.
Bəzən özümüz də bilmədən mətbəxdə təbii yağı trans yağa çeviririk
A.Salamov deyir ki, bütün bunlara rəğmən, bizim doğru bildiyimiz yanlışlar var: "İnsanlar özləri də bilmədən təmiz yağı trans yağa çevirə bilərlər. Kərə yağını tavaya töküb qızartma xörək bişirməklə o yağı trans yağa çevrirmiş oluruq. Çünki kərə yağı 120 dərəcədən artıq temperaturda olduqda artıq trans yağa çevrilir".
İqtisadi tərəfdən vəziyyəti necə dəyərləndirmək və hansı alətləri işə salmaq olar?
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda yerli istehsal demək olar ki yox səviyyəsindədir və yerli adla istehsal olunan yağlar xaricdən gətirilərək burada qablaşdırılır. Həmin yağlar "keyfiyyət"nə görə sual doğurur:
"Vəziyyəti müsbətə doğru dəyişmək üçün hökumətin rolu vacibdir. Bazarda olan məhsulların keyfiyyəti, sağlamlığa təsiri yoxlanılmalıdır. Bu, dövlət orqanlarının birbaşa vəzifə borcudur. İkinci məsələ rəqabətli mühitlə bağlıdır. Rəsmi statistik rəqəmlərə də baxdıqda görürük ki, Azərbaycana cəmi 6 şirkət kərə yağı gətirir, bu da çox azdır. Bundan başqa, gömrük rüsumlarına da yenidən baxılmalıdır. Əlavə dəyər vergisi ilə bağlı da müəyyən qərarların verilməsinə ehtiyac var. Çünki yerli istehsal çox azdır".
İqtisadçının fikrincə, insan orqanizminə daha az təsir edə bilən, yaxud da təsir etməyən yağların Azərbaycana gətirilməsi ilə bağlı ümumi prosedur qaydaları olmalıdır.
"Yağla bağlı bir çox ölkələrdə bəlli tələblər var. Məsələn, palma yağı bəzi ölkələrdə ümumiyyətlə qadağan olunub. Bu qadağalar insan orqanizminə zərərləri minimuma endirmək üçündür. Azərbaycanda da dövlət orqanları ciddi şəkildə müəyyən məhdudiyyətlər qoymağı, belə məhsulların bazara çıxışının qarşısını almağı bacarmalıdır, bəlli standartlar müəyyənləşdirməlidir", - deyə o, əlavə edib.
N.Cəfərli bildirib ki, standartlar daha ciddi yoxlanılmalıdır: "Azərbaycanda reallığı nəzərə alsaq, görərıik ki müəyyən korrupsiya əməlləri olur, rüşvət verilir, bunun müüqabilində müəyyən sertifikatlar alınır".
Trans yağlar və ürək xəstəlikləri arasında gizlin bağ
ÜST-ün məlumatında qeyd olunur ki, bu gün dünyada beş milyard insan trans yağların səbəb olduğu koronar ürək xəstəliklərindən sığortlanmayıb.
Kardioloq İlqar Tahiroğlunun sözlərinə görə, koronar ürək xəstəliyi ürəyin tac damarlarındakı tıxanıqlıqdır, nəticədə işemiya yaranır, infarkt ortaya çıxır.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına baxdıqda da görə bilərik ki, 1990-cı illə-2021-ci ildə qeydə alınan ölümlərdə böyük fərq var. Belə ki, 1990-cı ildə qan dövranı sistemi xəstəliklərindən 8 min 926, 2021-ci ildə isə 18 min 615 ölüm qeydə alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla bağlı açıqlanan məlumata aydınlıq gətirib. AQTA-dan bildirilib ki, ÜST-ün hesabatında 133 ölkə trans yağ turşularının aradan qaldırılması istiqamətində gördükləri tədbirlərin növünə görə 4 səviyyə üzrə qruplaşdırılıb:
"Azərbaycan hesabatda trans yağ turşularının aradan qaldırılması üçün strateji sənədlərdə üzərinə götürdüyü öhdəliklərin və digər tamamlayıcı tədbirlərin icrası baxımından 2-ci səviyyədə qərarlaşıb. Sənəddə əksini tapan başqa bir indikator isə ürək damar xəstəliklərindən baş verən ölüm hadisələrində məhz trans yağ turşularının payı ilə bağlıdır. Hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir".
Dünyada ümumi vəziyyət necədir?
Qeyd edək ki, trans yağlarla bağlı ilk qadağa Danimarkada olub. Belə ki, 2000-ci illərin əvvəllərində bu ölkədə trans yağlar qadağan edilib, bununla da təkcə Danimarkada bir neçə il ərzində 1600 nəfərin ölüm riskinin qarşısı alınıb. Araşdırmlar da göstərir ki, trans yağların qadağan olunduğu ölkələrdə ürək, qan-damar sistemi xəstəlikləri azalıb.
Banqladeş, Hindistan, Filippin və Ukrayna da ən yaxşı təcrübələrə malik aşağı və orta gəlirli ölkələrdəndir. Bu ölkələr sırasında Nigeriya da var.