CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ötən il nə qədər uşaq övladlığa götürülüb?

Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.
Sputnik
BAKI, 31 yanvar — Sputnik. 2022-ci ildə 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-si 12-18 yaş aralığında olanlardır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1337 monitorinq aparılıb.
Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-si oğlandır.
Ailə Məcəlləsi
Xatırladaq ki, Ailə Məcəlləsində 117-ci maddə "Övladlığa götürülməsinə yol verilən uşaqlar" adlanır.
Həmin maddəyə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.
Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.