NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

TAP konsorsiumu qaz kəmərinin genişləndirilməsi üzrə işlərin birinci mərhələsinə başlayıb

Adıçəkilən konsorsium Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan təbii qazı Avropaya nəql edir.
Sputnik
BAKI, 30 yanvar — Sputnik. Trans-Adriatik boru kəməri (TAP) Konsorsiumu maraqlı şirkətlərin məcburi təkliflərinin birinci mərhələsinin nəticələrini yekunlaşdırdıqdan sonra qaz kəmərinin genişləndirilməsi üzrə işlərə başlandığını elan edib.
2021-ci ildə aparılan bazar sınaqları çərçivəsində məcburi təkliflərin birinci mərhələsi başa çatdıqdan sonra 2026-cı ildən qüvvədə olacaq uzunmüddətli müqavilələr çərçivəsində TAP-ın gücünün ildə 1,2 milyard kubmetr genişləndirilməsi planlaşdırılır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti mərhələlərlə artırıla bilər və nəticədə iki dəfə artaraq ildə ən azı 20 milyard kubmetrə çata bilər.

"Biz TAP-ın gücünün genişləndirilməsinə başlamaqdan məmnunuq və bu, tədricən, ildə ən azı 20 milyard kubmetrə çatdırıla bilər. Bazar sınaqlarının birinci mərhələsini başa vuraraq, biz ilin ikinci yarısında Avropada tədarükün təhlükəsizliyini və bazar likvidliyini daha da təkmilləşdirmək üçün ikinci mərhələyə başlamaq niyyətindəyik", - deyə TAP AG-nin idarəedici direktoru Luka Şkyeppati bildirib.

Onun sözlərinə görə, məcburi bazar sınaq təkliflərinin ikinci mərhələsi 2023-cü ildə həyata keçiriləcək və maraqlı tərəflər öz ərizələrini təqdim edə bilərlər. Bu müntəzəm açıq mövsümlər bazar tələblərini tədricən sınaqdan keçirmək üçün qurulduğundan, TAP 2027-ci ilə qədər boru kəmərinin gücünü ikiqat artırmağı çalışır.
"Uzunmüddətli davamlılığı təşviq etmək və regionda enerji keçidini təmin etmək üçün TAP-ın imkanlarını genişləndirməklə yeni həcmdə hidrogen və digər yaşıl qazlar da nəql edilə bilər", - deyə o əlavə edib.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. 878 km-lik boru kəməri Cənubi İtaliyada dəniz sahillərinə çıxmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir.
TAP-ın səhmdarları "bp" (20%), "SOCAR" (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagás" (16%) və "Axpo" (5%) şirkətləridir.