BAKI, 30 yanvar - Sputnik. Yanvarın 30-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı tərəflər Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Bir sıra aktual beynəlxalq və regional mövzulara, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsi əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə də toxunulub.